Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Ülfət Rzayevdir.
Ülfət Novruz oğlu Rzayev 2001-ci il fevralın 11-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Ülfət Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli Şuşa rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Ülfət Rzayev noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. Tərtər rayonunda dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ülfət Rzayev ölümündən sonra bir sıra medallarla təltif edilib:
1. “İgidliyə görə” medalı;
2.“Vətən müharibəsi iştirakçısı medalı;
3.“Kəlbəcərin azad edilməsinə görə” medalı;
4. “Füzulinin azad edilməsinə görə” medalı;
5. “Cəbrayılın azad edilməsinə görə” medalı;
6.“Şuşanın azad edilməsinə görə” medalı.