2021/10/Untit-1633102393.jpg

line
Adı: İsgəndərov
Soyadı: Pərvin
Ata adı: Pərviz
Doğum tarixi: 25.06.1995
Şəhid olub: 13.10.2020
Rütbəsi: MAHHXHQ çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Pərvin Pərviz oğlu İsgəndərov 1995-ci il iyunun 25-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Atası Pərviz İsgəndərov da vaxtilə hərbçi olub. O, Ağstafa rayonunda yerləşən "Ballı qaya" adlanan ərazidə ermənilərə qarşı gedən döyüşlərdə şəhid olub, 21 yaşında dünyasını dəyişib. Pərvin 2003-2014-cü illərdə İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində təhsil alıb. 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutanda düşmənə layiqli cavab verənlərdən biri də Pərvin İsgəndərov olub. O, Tovuz döyüşlərində öz fədakarlığı ilə fərqlənib.

Azərbaycan Ordusunun çavuşu olan Pərvin İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərvin İsgəndərov oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşlərdə yaralı yoldaşlarını döyüş meydanından çıxararkən minaatan silahdan atılan mərmi ilə vurulub və qəhrəmancasına şəhid olub. Ağstafa rayonunun Qarahəsənli kəndində dəfn edilib.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin İsgəndərov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərvin İsgəndərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Şəhid Pərvin İsgəndərov ailəli idi, Pərviz adlı 1 yaşlı oğlu yadigar qalıb.

Həyat yoldaşı Fidan xanım danışır ki, oktyabrın 10-da axşam Pərvin sonuncu dəfə evə gəlib:

"2 saatdan sonra tələsik hərbi hissəyə qayıtdı. Bu, onun son gedişi oldu. Bir daha görə bilmədim... Hərbçi yoldaşları danışır ki, hər dəfə müharibədən söz düşəndə Pərvin "Öldü var, döndü yoxdur, axıra qədər gedəcəyik" , - deyirdi".