Kərəm Veyisov 1998-ci ildə Xaçmaz şəhərində doğulub. Hərbi xidmətini başa vuran Kərəm iyul döyüşlərindən sonra ordu sıralarına könüllü yazılıb. Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan qəhrəman çavuş manqa komandiri kimi döyüşlərə atılıb. Füzuli uğrunda gedən ağır döyüşdə yaralansa da, bir həftə sonra yenidən silaha sarılaraq cəbhənin ən gərgin istiqamətlərində düşmənə qan uddurub. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlının işğaldan azad olunmasında fəal iştirak edib.
Şəhidin anası Nərgiz Veyisova hər dəfə rayonlarımız düşmən tapdağından azad olunduqca Kərəmin evə zəng edib sevincini onlarla və qardaşı ilə bölüşdüyünü bildirib. “Cəbhəyə könüllü yazıldı. Oktyabrın 1-də hərbi komissarlıqdan yola saldıq. Hər dəfə zəng edəndə uğurlu döyüşlərindən danışırdı. Zəngilanın, Qubadlının alınmasından böyük ruh yüksəkliyi ilə söhbət açırdı. Bir ana kimi oğlumla fəxr edirəm. Bayrağını, Vətənini sevən bir övlad idi. Qəhrəmancasına döyüşərək həlak oldu”, - deyə şəhidin anası söyləyib.
Nərgiz Veyisova Kərəmin sonuncu dəfə Şuşa uğrunda döyüşdən əvvəl evə zəng edərək həlledici savaşa atılacaqlarını bildirdiyini qeyd edib. Hərbçi yoldaşlarının söylədiyinə görə, Kərəm Şuşanın alınmasında böyük şücaət göstərib və müqəddəs şəhərimizdə üçrəngli bayrağımızın dalğalanmasına şahidlik edib. Müharibənin başa çatmasına saatlar qalarkən K.Veyisov Şuşa şəhərində düşmən mərmisinin yaxınlığında partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Şəhidin atası Səttar Veyisov bildirib ki, hərbçi yoldaşları Kərəmin döyüş yolundan danışarkən onun bütün savaşlarda ən öndə getdiyini qeyd edirlər: “Uşaqlıqdan idmana marağı vardı. Kikboksinq üzrə beynəlxalq yarışlarda uğurlar qazandı. Adını könüllü cəbhəyə yazdırmağından heç birimizin xəbəri olmayıb. Bizə sonradan dedi. Cəbhəyə yollanandan sonra Horadizdə olduğunu bildirdi. Sonra bir neçə gün əlaqə saxlaya bilmədik. Zəng edəndə bildirdi ki, ağır döyüşlərdə yaralanıb, amma vəziyyəti yaxşıdır. Yenidən döyüşlərə qatıldı. Ordumuz irəlilədikcə Kərəmin də Zəngilandan, Qubadlıdan sorağı gəlirdi. Sonuncu zəngi Xankəndi ətrafından etmişdi. Dedi ki, Şuşaya qalxırıq. Döyüş yoldaşları Kərəmi “Canavar” ləqəbi ilə çağırırdılar. Dediklərinə görə, düşməni yalın əlləri ilə boğaraq məhv edirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Otuz ildən sonra qəhrəman oğullarımızın və Müzəffər Ali Baş Komandanımızın sayəsində torpaqlarımızı işğaldan azad etdik”.
Kərəm Veyisov idman sahəsindəki uğurları ilə də daim diqqəti cəlb edib. On bir yaşından kikboksinqlə məşğul olan Kərəm dəfələrlə Azərbaycan birinciliyinin, bir sıra nüfuzlu beynəlxalq yarışların, o cümlədən üç dəfə dünya çempionatının qalibi adını qazanıb. Ötən ildən isə “Çempion” kikboksinq klubunu yaradaraq məşqçi kimi fəaliyyətə başlamışdı. Klubda təşkil etdiyi ilk yarış isə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub.
“İdman yarışlarında da dəfələrlə ermənilərlə üzləşib. Hər dəfə də onları diz çökdürməyi bacarıb” -deyə Kərəmin məşqçisi Ramin Nəcəfov söyləyib.
Kərəm Veyisov həm idman yarışlarında, həm də döyüş meydanında bayrağımızı şərəflə dalğalandıran qəhrəman kimi xalqımızın yaddaşında daim qalacaq.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərəm Veyisov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərəm Veyisov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərəm Veyisov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.