Murad Bədirov 2001-ci il yanvarın 25-də Cəlilabad rayonunun Kazımabad kəndində anadan olub. Vətən Müharibəmiz zamanı Azərbaycan Ordusunun kiçik çavuşu kimi Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub, oktyabrın 29-da Ağdərə istiqamətində şəhadətə qovuşub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Bədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Mətbuata oğlu ilə bağlı xatirələrini bölüşən atası deyir ki, Murad beş yaşı olanda anasını itirib:
- Özüm sürücü işləyirəm. İki oğlum var. Murad evin kiçiyidir. Əzab-əziyyətlə böyütmüşəm uşaqlarımı. Muradın beş yaşı olanda anası xəstələnərək dünyasını dəyişdi. İki övladıma həm atalıq, həm də analıq etdim. Övladlarım böyüyəndən sonra mənə kömək etmək istədilər. Mənim də bir ata kimi borcum övladlarımın gələcəyin qurmaqdır. Böyük oğlum Mahsun hərbi xidmətdən qayıtdıqdan sonra məktəbdə gözətçi işləməyə başladı.
Murad da iyul ayında hərbi xidmətini başa vurub evə qayıtdı. Sentyabr ayında Murad müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında işə başladı. Elə həmin ayda da döyüşlər başladı. Muradla sonuncu dəfə sentyabrın 8-də danışdıq. Dedi ki, “ata, hər şey yaxşıdır”. (Ağlayır) Ondan sonra Muradla əlaqə saxlaya bilmədik. Muradın şəhadəti xəbərini bizə oktyabrın 18-də verdilər. Oktyabrın 19-da onu yaşadığımız kənddə böyük izdihamla dəfn etdik. İndi də hara baxıramsa, gözlərim Muradı axtarır”.
Şəhidin həyat və döyüş yolu ilə bağlı videomaterialı təqdim edirik: