2021/09/cavid-1632762918.jpg

line
Adı: Hüseynov
Soyadı: Cavid
Ata adı: Natiq
Doğum tarixi: 03.04.2001
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
“Canım-qanım Vətənə fəda olsun” deyib cəbhə dostları ilə düşmən üzərinə şığıyan, yağıdan qisasımızı alan 19 yaşlı Cavid Natiq oğlu Hüseynov da şəhidlik mərtəbəsinə yüksəldi. 2001-ci il aprelin 3-də Tovuz şəhərində doğulan Cavid Hüseynov əsgəri xidmətdə idi, oktyabrın ilk günlərində əsgəri xidmətini başa vurub evə, ailəsinin yanına qayıdacaqdı.

O günü doğmaları, dostları, idmançı yoldaşları böyük həsrətlə gözləyirdilər. Əzizlərinin gözləri yolda, qulaqları səsdə idi. Hər an qapılarını döyəcək “Cavid əsgərlikdən qayıtdı” müjdəsini gözləyirdilər. Cavid qayıtdı... Amma canını qurban etdiyi Vətənimizin şəhidi kimi...

Ermənistanın Tovuz cəbhəsində törətdiyi təxribatlar əsgərlikdə olan Cavidi çox narahat edirdi, silaha sarılıb düşmənə qan udduran igidlərimizin sırasında olmağa can atırdı. Ordumuzun Tovuz cəbhəsində düşmənə çəkdiyi göz dağı azacıq da olsa Cavidə təsəlli oldu. Amma o heç cür torpaqlarımızın erməni işğalında olması ilə barışmırdı, fikri-zikri düşməndən öc almaq, torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək idi. Cavid və onun kimi minlərlə, yüzminlərlə igid oğullarımızın gözlədiyi gün nəhayət ki, yetişdi. Sentyabrın 27-də düşmənin Azərbaycanın yaşayış məntəqlərini ağır artilleriya silahlarından atəşə tutması, dinc insanlarımızı qətlə yetirməsi müharibəni gerçəkləşdirdi. Müzəffər Azərbaycan Ordusu torpaqlarımızın düşmən tapdağından azad edilməsi istiqamətində hərbi əməliyyatlara başladı. Şanlı ordumuzun qəhrəman, cəsur əsgərlərindən biri kimi C.Hüseynov da ön cəbhədə əlində silah düşmənə göz açmağa aman vermədi. Xocavənd rayonunun Tuğ kəndində gedən döyüşlərdə fədakarlıq göstərən Cavid düşmənin atdığı top mərmisindən şəhid oldu. Düşmən qəhrəmanımızın Vətən, yurd sevgisi, təəssübü ilə döyünən, düşmənə qəzəb və nifrət, qisas hissilə alışan ürəyini nişan aldı. Amma düşmən Cavidin ürəyini susdura bilmədi. O “canım Vətənimə fəda olsun” deyib, qanı tökülən ana torpağı əbədi olaraq qucaqladı.



C.Hüseynov bütün Tovuzun fəxridir. Təkcə bu gün deyil, keçən illərdə də tovuzlular Cavidlə öyünüblər, onun qələbələrinin sevincini, qürurunu yaşayıblar.

2018-ci ildə gənclər arasında taekvondo üzrə Azərbaycan çempion olan C.Hüseynov uşaqlıqdan idmana böyük maraq göstərib, “Tovuz” taekvondo klubunda tanınmış idman ustası Ümid Axundovun tələbəsi olub.

Cavid Hüseynov tabutunu süsləyən üçrəngli bayrağımızı dəfələrlə yerli və beynəlxalq əhəmiyyətli taekvondo yarışlarında göylərə qaldırıb, himnimizi səsləndirib.

“Tovuz” taekvondo klubunun rəhbəri, C.Hüseynovun məsqçisi tələbəsi haqqında qəhərlənə-qəhərlənə danışır. Deyir ki, Cavid vətənimizi, bayrağımızı, himnimizi çox sevirdi, həmişə bütün yarışlarda bayrağımızı dalğalandırmağa çalışırdı. “Cavidin o qədər gözəl ürəyi vardı, o qədər yaxşı gənc idi ki, sözlə deməkdə çətinlik çəkirəm. Gülərüz, səmimi, mehriban, iki metrə yaxıb boyu olan bir oğlan idi. On ilə yaxın idi ki, taekvondo ilə məşğul olurdu, ümidlərimizi doğruldan tələbələrimdən biri kimi bir sıra respublika əhəmiyyətli və beynəlxalq yarışların qalibi olub. Onun gələcəyinə çox böyük ümidlər bəsləyirdim. C.Hüseynov 2018-ci ildə gənclər arasında respublika çempionu oldu. Keçən ilin aprel ayında hərbi xidmətə getdi, oktyabrın 2-3-də təxris olunub gəlməli idi, lakin müharibə başladı, o, orduda xidmətini davam etdirdi. Cavid həddən artıq vətənpərvər bir igidimiz idi. Qardaşı Şahin də mənim tələbəm olub, onun da idman sahəsində müxtəlif nailiyyətləri var. O da keçən il böyüklər arasında respublika üçüncüsü oldu. Cavidin digər qardaşı Muxtar da tələbəm olub, o da hazırda ön cəbhədədir, düşmənə qarşı döyüşür. Cavidin əmisi oğlu Amil də tələbələrimdəndir, hazırda Naxçıvanda hərbi xidmətini davam etdirir, o da 2018-ci ildə respublika üçüncüsü olub. Cavidlə Amil həm də yaxın dost idilər. Cavidin dostları çox idi. Cavid öz səmimiliyi, mehribanlığı, gülərüzlüyü ilə hər kəsin qəlbində özünə əbədi heykəl qoyub.



Noyabrın 3-də Cavidin üç mərasimi oldu. Xocavəndin Tuğ kəndində şəhid olub Cavid. Döyüşçü dostları ilə danışdıq, onlar bizə Cavidin qəhrəmanlığından, cəsurluğundan danışdılar, söz verdilər ki, Cavidin qisasını düşməndən alacaqlar. Cavid Tovuz qəbiristanlığında dəfn olunub. Onun gənc yaşda həyatını itirməsi bizi yandırsa da, ən böyük təsəllimiz onun şəhidlik zirvəsinə ucalmasıdır. Biz Cavidlə qürur duyuruq” - deyə Ü.Axundov bildirdi.

Ü.Axundov, həmçinin, Cavid şəhid olandan sonra Azərbaycan Taekvondo Federasiyasının onun ailəsinə diqqət, qayğı göstərdiyini, həssaslıqla yanaşdığını qeyd etdi.

“Qala” taekvondo klubunun rəhbəri Ramil Həsənov da bizimlə söhbətində Cavid haqqında danışdı: “Cavid çox vətənpərvər, qeyrətli bir oğul idi. İdmanda da, Vətənə sədaqətində də qüsursuz idi. Onun gənc yaşda həlak olmasından üzülsəm də, fəxr edirəm ki, Tovuzun igid oğlu Vətən uğrunda canını fəda edib. Allah rəhmət eləsin”.

“Tovuz” taekvondo klubunun müəllimi Elşad Zeynalov da Cavidin həlak olmasından üzüldüyünü bildirsə də, onun uca şəhid adı ilə fəxr etdiyini qeyd etdi: “Bu gün Cavidlə bütün tovuzlular, bütün taekvondo ictimaiyyəti fəxr edir. Çünki o, Azərbaycan torpaqlarının düşmən işğalından azad edilməsi uğrunda canını fəda edib”.

Şəhidlik mərtəbəsinə ucalan C.Hüseynovun qisasını bu gün cəbhədaşları düşməndən alırlar. Cavidin ruhu şaddır, ona görə ki, qisası qiyamətə qalmır.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Hüseynov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.