Azərbaycan Ordusunun əsgəri olan Malik Xeyirbəyov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı olaraq iştirak edib. Füzuli, Cəbrayıl, və Hadrut döyüşlərində vuruşub. Malik Xeyirbəyov 26 oktyabr 2020-ci ildə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Malik Xeyirbəyov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Atası Samik Xeyirbəyov oğlunun Vətən Müharibəsində cəsurluğu ilə yadda qaldığını deyir: “Malik 2008-ci ildə birinci sinfə gedib. Dərslərini yaxşı oxuyub. Sonra kollecə qəbul olundu. Birinci kursu bitirdikdən sonra əsgərliyə yollandı. Komandirlərinin dediyinə görə, Vətən Müharibəsində cəsurluğu, igidliyi ilə seçilən əsgərlərdən olub. Telefonla danışanda hər şeyin yaxşı olduğunu, torpaqlarımızı düşməndən azad etdiklərini bildirirdi. Çox cəsarətli oğul idi. Fiziki göstəricilərinə görə kəşfiyyatçı seçilmişdi. Cəbrayıl, Füzuli və Hadrut uğrunda döyüşlərdə iştirak edib, Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı”.
Malik əsgərlikdən sonra kolleci bitirmək və ali məktəbə qəbul olunmağı arzulayırdı. Anası Sima Xeyirbəyova deyir ki, şəhadət zirvəsinə yüksəlməsindən beş ay keçsə də, onun yoxluğunu qəbul edə bilmir, hələ də gözü yollardadır: “Elə bilirəm nə vaxtsa qayıdıb gələcək. Ağıllı, mehriban, tərbiyəli uşaq idi. Arzuları çox idi. Kolleci qurtarıb ali məktəbə qəbul olmaq istəyirdi. Vətən Müharibəsində Füzuli uğrunda döyüşlərdə şəhid oldu. Oğlumun müharibədəki şücaəti barədə eşitdiklərim məni ana kimi çox qürurlandırır. Bu dünyadan şərəfli ölümlə köçdü, Vətən yolunda şəhid oldu. Mən bununla özümə təsəlli tapıram. Torpaqlarımızın azad olunmasında mənim balamın da payı var”.
Bacısı Ayna Xeyirbəyovanın sözlərinə görə, qardaşı zəhmətkeş olub və atasına işlərində kömək edirmiş: “Qardaşım zəhmətkeş, zarafat xoşlamayan idi. Həmişə təsərrüfat işlərində atama kömək edərdi. Kənddə də böyükdən-kiçiyə hamı tərəfindən sevilirdi. Şəhidlik uca bir zirvədir. Şəhid bacısı olmağımla fəxr edirəm”.
memorial.az