Roman Pənahov 31 avqust 1995-ci ildə Ağsu rayonunun Yenilik kəndində dünyaya göz açmışdır. Milliyyətcə ləzgi idi. İlk təhsilini 2001-ci ildə C.Xıdırov adına Ağsu rayonu Yenilik kənd tam orta məktəbində alan Roman 2011-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. Həmin il sənədlərini Şamaxı Sənaye-İqtisad kollecinə verərək ora daxil olmuşdur. Təhsil müddətini bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vurduqdan sonra doğulduğu kəndə qayıdıb burada təsərrüfat işləri ilə məşğul olmuşdur.
27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində əsgər Roman Pənahov da iştirak etmiş, Füzulinin, Cəbrayılın, Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirmişdir. Noyabr ayının əvvəllərindən başlayan Şuşa döyüşlərində də iştirak edən əsgər Roman Pənahov 4 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi istiqamətində şəhid olmuşdur. 10 noyabr 2020-ci ildə Ağsu rayonu Yenilik kənd qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Roman Pənahov ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Roman Pənahov ölümündən sonra
"İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Roman Pənahov ölümündən sonra
"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Roman Pənahov ölümündən sonra
"Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
memorial.az