2021/05/13092-1621857308.jpg

line
Adı: İsazadə
Soyadı: Səfa
Ata adı: Əmirxan
Doğum tarixi: 17.05.1999
Şəhid olub: 14.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Səfa İsazadə 17 may 1999-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2005-2016-cı illərdə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Səfa İsazadə 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Səfa İsazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan II Qarabağ müharibəsinin 3-cü günündə 29 sentyabrda müharibəyə yollanıb. Talış kəndinin azad olunması uğrunda əməliyyatlarda iştirak edib. Səfa İsazadə oktyabrın 14-da Suqovuşan döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olub. Səfa İsazadə oktyabrın 19-da Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səfa İsazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Səfa İsazadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
“Səfa ilk övladımızdır. Oğlum həm tərbiyəli idi, həm də ağıllı. Kimsə deyə bilməz ki, Səfa ilə sözüm səhv gəlib, mübahisəm olub. O qədər gözəl ürəyi var idi ki! Deyirlər ki, balam cəbhədə də bu ürəyi ilə mərd-mərdanə vuruşub. Heç vaxt yoldaşlarını tək qoymayıb. Son nəfəsinə kimi onlarla çiyin-çiyinə savaşıb.

Şəhidlərimizə baxıram, sanki hamısı xüsusilə seçilib. Düzünü desəm, onlar haqda oxuduqca lap heyrətə gəlirəm. Necə qeyrətli balalarımız varmış. Düşmənə bir dəqiqə belə aman verməyiblər. Onlarla necə fəxr etməyəsən axı!? İnanıram ki, balam cənnətdədir. Bu, mənim tək təsəlli yerimdir. Allah digər şəhid balalarımıza da rəhmət eləsin, ana-atalarına səbir versin”, - deyə şəhidimizin anası Qızqayıt xanım deyib.
Şəhidimiz ailənin 3 oğlundan ilki idi.