Sahil Coşqun oğlu Babayev 2002-ci il, iyunun 5-də Şabran rayonunun Ceyranlı kəndində anadan olub. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. 1 bacı və 1 qardaş olmaqla ailədə 4 nəfər olublar. Orta təhsilini Ceyranlı kənd tam orta məktəbində alıb.
Təhsilini başa vurduqdan sonra, 2020-ci il iyulun 7-də Şabran rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlayanda Sahil gənc əsgər olmasına baxmayaraq, böyük həvəslə döyüşlərə qoşulub. Ağdərə, Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib, xeyli sayda canlı qüvvəsini məhv edib.
2020-ci ilin 20 oktyabrında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi səhərisi gün, 21 oktyabrda doğulub, boya-başa çatdığı Ceyranlı kəndinə gətirilərək, kənd qəbiristanlığında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Sahil Coşqun oğlu Babayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.