2021/09/musa-3265316402.jpg

line
Adı: Həsənov
Soyadı: Musa
Ata adı: Tapdıq
Doğum tarixi: 24.11.1995
Şəhid olub: 29.09.2020
Rütbəsi: gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Musa Tapdıq oğlu Həsənov 24 noyabr 1995-ci ildə Mingəçevirdə doğulub. Orta məktəbi başa vurduqdan sonra Musa əvvəlcə Mingəçevir Texniki liseyinin, sonra isə Mingəçevir Turizm Kollecinin məzunu olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra qida sektorunda çalışmağa başlayıb.

21 sentyabr 2020-ci ildə Hərbi Komissarlıq tərəfindən hərbi vəzifəlilərin təlim toplantısına çağırılıb. Musa təlim toplantısına gedərkən ailəsiylə görüşə bilmir. Çünki çağırış gələndə iş yerində olur və son olaraq da müdiriylə görüşüb gedir. Hətta müdirinə gülümsəyərək, zarafatla "deyəsən, mən getməsəm, bu torpaqlar alınmayacaq" - deyir. Musa Tapqaraqoyunlu, Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib. Ailəsiylə son danışığı sentyabrın 28-də olub. Sentyabrın 29-u Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Nəşi isə noyabrın 4-də neytral ərazidən çıxarılaraq ailəsinə təhvil verilib, elə həmin gün dəfn edilib.

Azərbaycan Resoublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" , “Cəsur döyüşçü”, “Vətən uğrunda”medalları ilə təltif edilib.



Musanın doğma qardaşı Tural da Vətən müharibəsinin şəhididir. Musa şəhid olduqdan bir neçə gün sonra Tural da Suqovuşan istiqamətində şəhid olub. Şəhidimizin 2 övladı Vətənə əmanət qalıb.

Vətən yolunda iki oğlunu şəhid verən Nəhayət ana oğulları barədə danışarkən deyir ki, oğullarının ikisi də bir gündə müharibəyə gedib:

"Balalarım bir-birindən xəbərsiz şəhid oldular. Musa Turaldan qabaq şəhid olmuşdu. Təsəllim Tural idi. Musanın qırxı çıxandan sonra Turalım da şəhid oldu. Onun da yeddisini dünən verdik. Mən anayam, bir təhər dözürəm, amma 80 yaşlı ataları bu dərdə dözə bilmir, hər gün ağlayır, təsəlli verirəm ki, oğullarımızın hərəsinin iki balası qalıb. Biz onları da böyütməliyik. Turalla sentyabrın 30-da axırıncı danışığım oldu. Dedi ki, "Musadan çox narahatam, bir xəbər varmı?" Dedi, "Ana, biz sabah Suqovuşan uğrunda müharibəyə çıxırıq, zəng etməsəm, narahat olmayın". Amma daha sonra ondan səs çıxmadı. Son dəfə müharibəyə yola düşəndə yoldaşına deyib ki, "Bilirəm ki, bu döyüşdə şəhid olacağam. Mənim büküldüyüm bayrağı oğluma verərsən"...


İki oğul, iki şəhid anası sözünə davam edir:

"Oğullarım oxumuş, təhsilli idilər. Hər ikisi əvvəlcə Mingəçevir Texniki liseyin, sonra isə Mingəçevir Turizm kollecinin məzunu olublar. Musanın 25 yaşını Şəhidlər Xiyabanında qeyd etdik. Turalın da 27 yaşı vardı. Döyüş yoldaşları deyir ki, Tural çox ağır yaralanmışdı, son sözü bu olub: “Balalarım mənsiz yaşaya bilməyəcəklər”. O, balalarını çox sevirdi, onlar üçün hər zaman narahat idi. Ailəyə çox bağlı idi. Noyabrın 4-də xəbər gəldi ki, Tural BTR-də yanıb, şəhid olub. Ümidlərim hamsı puca getdi. Mən vətən üçün oğul böyütmüşdüm Vətən sağ olsun! Onlar da həmişə deyirdilər ki, biz vətən üçün yaranmışıq. Amma ən böyük dərd bir ayda ananın üstünə iki tabut gəlməsi imiş, çox böyük dərddir. İki oğul Turalındır, iki qız da Musanın, indi bizim təsəllimiz onlardır”.

Turalın az yaşlı uşaqları atalarının şəkilinə baxaraq, “atam gələcək” - deyirlər. Şəhidlərin atası Tapdıq Həsənov deyir ki, "Nə yaxşı, bu balacalar var. Başımı onlarla qatıram. Hər dəfə şəkli göstərib, məndən atalarını soruşurlar"...