2021/09/2021--8163845975.jpg

line
Adı: İbrahimov
Soyadı: Alim
Ata adı: Səhrab
Doğum tarixi: 26.12.1993
Şəhid olub: 29.09.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də musiqi müəllimi Alim Səhrab oğlu İbrahimovdur. Alim İbrahimov 26 dekabr 1993-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində dünyaya gəlib.

Sonradan Alimin ailəsi Mingəçevir şəhərinə köçüb. O, ilk təhsilini Mingəçevir şəhər 4 saylı orta məktəbdə alıb. Musiqiyə olan həvəsi hələ uşaq yaşlarında üzə çıxmışdı. Bu istəklə 2004-2010-cu illərdə Bülbül adına Mingəçevir şəhər 2 saylı Musiqi məktəbində qarmon ixtisası üzrə oxuyub. Alim musiqi məktəbini bitirdikdən sonra Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecinə daxil olub. 2014-cü ildə həmin məktəbi qarmon müəllimi ixtisası üzrə bitirib. 2017-2020-ci illərdə Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbində qarmon ixtisası üzrə müəllim işləyib. Dərs dediyi 3 il ərzində öz bilik və bacarıqlarını şagirdlərinə çatdırmağa nail olub.



Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Alim də bir çox Vətən oğulları kimi cəbhəyə yollanıb. Vətən müharibəsi dövründə Talış, Suqovuşan bölgəsində döyüşüb. 29 sentyabrda müharibənin qızğın dövründə elə həmin istiqamətdə şəhid olub. Alim İbrahimov noyabrın 2-də Mingəçevir şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Göyçay şəhər Uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov deyir ki, cəbhəyə gedəndən sonra bir müddət Alim İbrahimovdan xəbər ala bilməyiblər:

“Noyabrın 1-də şəhid olması xəbərini eşitdik. Döyüş yoldaşlarından öyrəndik ki, Alim Tərtərin Suqovuşan kəndi istiqamətindəki döyüşlərdə rəşadət göstərərək şəhidlik zirvəsinə ucalıb”.

Direktor Alimin məktəbdə işə başladığı günü yaxşı xatırlayır:

“Çox səmimi insan idi. Əslən Ucar rayonundan olmasına baxmayaraq, Göyçayı sevdiyini və burada ailə həyatı qurub yaşayacağını deyərdi”...

Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Səhrab oğlu İbrahimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.

Şəhidin anası Xatirə xanım deyir ki, oğlu şəhid olandan sonra hər gün azı iki dəfə məzarı başına gəlir. Deyir ki, gözünə yuxu getmir, deyir ki, yemək yeyə bilmir. Gözləri dolur, “Mən balamı istəyirəm”, - deyir...