Tarıverdiyev Nicat Şöhrət oğlu – o artıq təkcə anasının yox, bütün Azərbaycanın qəhrəmanıdır. İgid əsgərimiz 1998-ci ilin noyabrın 17-də Bakıda anadan olub. 132-134 saylı Təhsil Kompleksini, sonra Kooperasiya Universitetini bitirib. Qaydasız döyüş üzrə ölkə və beynəlxalq yarışlarda qalib olub.
Vətən müharibəsində Talış -Suqovuşan istiqamətində savaşıb. O, elə bu istiqamətdə gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub.
Anası Şükran Faruq qızı deyir ki, oğlu qələbəyə sayılı saatlar qalmış şəhid olub: “Prezident tam qələbə qazandığımı elan etdi. Qurban demişdim, getdim onu kəsməyə. Elə ayın 10-u saat 13 radələri idi. Qurban kəsdiyim yerdə zəng gəldi, dedilər oğlun qəhrəmandır”.
Nicat Qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanların sırasına yazdı. Ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.