Vətən Müharibəsində Azərbaycan Ordusunun qəhrəmancasına şəhid olan igidlərindən biri də Oruc Soltanovdur. O, 1999-cı il yanvarın 1-də Kürdəmir rayonu Şovla kəndində anadan olub.
Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmət dövründə nizam-intizam qaydaları baxımından seçilən əsgərlərdən olub və dəfələrlə təltifnamələrə layiq görülüb. O, hərbi xidmətini uğurla baş vurduqdan sonra ailəsinin yanına qayıdıb.
Azərbaycan Ordusunun əsgəri olan Oruc Soltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Ordu sıralarına çağırılır. Sentyabrın 29-da valideynləri ilə sağollaşaraq müharibəyə gedib. Ailənin ən kiçik övladı olan Orucun bu Vətən sevgisi ailə üzvlərinin, yaxınlarının, sakinlərin, ümumən onu tanıyanların dilindən bir an belə düşmür.
Elə bu Vətən sevgisi Oruc Soltanovu da ön cəbhəyə, Füzulinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fədakarlıqlara sövq edir. Döyüş yoldaşları bildirirlər ki, snayper kimi xidmətini davam etdirən əsgər Oruc Soltanov düşmənin 50-yə yaxın canlı qüvvəsini və bir sıra texnikasını məhv edib. Oruc Soltanov oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olub. Kürdəmir rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oruc Soltanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Oruc Soltanov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.