Qüdrət Bəhruz oğlu Əzizov 19 iyun 1997-ci ildə Göyçay rayonunun Bığır kəndində anadan olub. Orta təhsilini də doğulduğu kənd məktəbində alıb. Mail 2014-cü ildə hərbi xidmətə başlayıb və manqa komandiri olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci ildə başlayan Vətən müharibəsinə Mail könüllü qoşulub, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd istiqamətində gedən döyüşlərdə şücaət göstərib. Qələbə günü Şuşada şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şuşa və Füzulinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət ölümündən sonra "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Qüdrət, həmçinin ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə "Döyüşdə fərqlənməyə görə" medalı ilə də təltif edilib.
Şəhid Qüdrət Əzizov sevdiyi qızla 1 il 6 ay idi nişanlanmışdı. Toy üçün həvəslə hazırlıq görürdü. Qazandığı pulla özü üçün bəy otağı da təmir etdirmişdi. Pandemiya ilə əlaqədar toy gününün vaxtını 3 dəfə təxirə salan Qüdrət noyabrın 3-də ailə həyatı quracaqdı...
Ana əziyyətlə böyütdüyü oğlu üçün evinə gəlin gətirməyə hazırlaşdığı məqamda Vətən müharibəsinin başlanması Qüdrətə daha böyük arzusuna çatmaq, şəhid yoldaşlarının, dostlarının qisasını almaq və torpaqlarımızı işğaldan azad etmək üçün imkan yaratdı. Qüdrət ailə qurmazdan əvvəl çətinlikdə olan Vətəni, 30 ildir qələbə xəbərlərinə həsrət qalan vxalqını düşünərək sentyabrın 29-da könüllü olaraq Qarabağa yollanıb...
Qüdrət sonuncu dəfə noyabrın 2-də valideynləri ilə telefonla danışıb, onlara narahat olmamağı, hər şeyin yaxşı olacağını, tezliklə qələbə qazanaraq evə qayıdacağını deyib. Amma...
Şəhidin atası Bəhruz Əzizov oğlunun Vətən uğrunda şəhid olmasından qürur duyduğunu bildirir. Ata oğlunun döyüş dostlarının Qüdrət haqqında, onun yaxşı xasiyyəti, döyüş bacarığı, qəhrəmanlığı barədə danışdığı xoş sözləri eşidəndə böyük fərəh hissi keçirdiyini deyir:
"Oğlum noyabrın 2-də mənimlə danışdı, dedi ki, "Şuşanın işğaldan azad olunması üçün döyüşürük". Sonrakı 8 gün ondan xəbər olmadı, hərbçi yoldaşları bizə zəng edib məlumat verən zaman Qüdrətin Şuşa ərazisindəki döyüşlərdə şəhid olduğunu öyrəndik. O, çox gözəl övlad olub. Hər kəsə onun kimi vətənpərvər oğul arzu edərdim. Qüdrət bizim hamımızın qüruru, şərəf və ləyaqət yeridir. Qüdrət minomyot atan idi. Komandiri deyir ki, oğlum Şuşa uğrunda gedən döyüşlərdə avtomatla açıq döyüşə çıxmaq üçün komandirindən xahiş edib və şəhidlərimizin qisasını alaraq, özü də şəhid olub".
Qüdrət müharibədən qayıdandan sonra işləyərək pul qazanmaq və hamıdan çox sevdiyi, onkoloji xəstə olan bacısı Aynanı müalicə etdirmək arzusunda idi. Döyüş yoldaşlarına deyirmiş ki, "Mən evə geri qayıtmasam, bacım öləcək"...
18 yaşlı Ayna 2018-ci ildən Milli Onkologiya Mərkəzində qeydiyyatdadır. Onun sol qolu sümük xərçənginə görə amputasiya olunub. Hamıdan çox sevdiyi qardaşının şəhid olması xəbərini eşidən Aynanın xəstəliyi həyəcan, əsəb və stress səbəbindən yenidən ağırlaşıb. Vətən yolunda övladını itirən şəhid atası növbəti itkiyə - qızının məlum xəstəlikdən dünyadan köçməsinə dözə bilməyəcəyini, bunun ailə üçün ikiqat faciə olacağını gizlətmir. Şəhid atası gözünün qarşısında şam kimi əriyən övladını müalicə etdirməyə maddi imkanı olmadığı üçün dövlətimizdən və iş adamlarından kömək istəyir:
"Oğlum bacısına görə çox narahat idi, onun müalicə olunmasını istəyirdi. O, deyirdi ki, mən döyüşdən geri qayıtmasam bacım öləcək. Mən bir övladımı itirmişəm, ikinci övladımın ölümünə dözə bilmərəm. Dövlətimizdən, iş adamlarından kömək istəyirəm"...
Şəhid bacısı qardaşının yoxluğuna davam gətirə bilmədiyi üçün dərdinin üstünə bir dərd də gəlib. Onun öz həyatı indi böyük təhlükə qarşısındadır. Ayna ölümlə üz-üzə dayanıb. Oğlunun şəhid olmasına görə qürur duyduğunu deyən anası Şəlalə Əzizova qızını itirmək istəmədiyini, onunla nəfəs aldığını bildirir, onun yaşaması üçün hamıdan kömək istəyir:
"Oğlum döyüşlərdə iştirak edirdi, amma məndən gizlədirdi. Deyirdi, "Ana, qorxma, burda hər şey yaxşıdır, sağ-salamat evimizə qayıdacağam". O, həmişə telefonla danışanda deyirdi ki, "Bacım Aynanı qoruyun". Onun yeganə arzusu bacısının sağalması idi. Qızıma nə isə olsa, mən dözə bilmərəm. Sümük xərçəngi xəstəliyindən əziyyət çəkən qızımın bədənində əvvəllər ağrı olurdu, qardaşı şəhid olandan sonra onun vəziyyəti daha da ağırlaşıb”...