"Ermənilərin təxribatı başlayanda Qurban ən yüksək postda - Murov yüksəkliyində idi. Onun taboru ermənilərin bir neçə postunu ələ keçirib. Qurban son damla qanına qədər vuruşub. Gülləsi qurtaranda ermənilərlə əlbəyaxa olub. Bu zaman snayperlə vurulub", -deyə atası Aydın Mehdiyev vurğulayır.
Qurban iki il idi ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu idi. O, Murov yüksəkliyinin alınmasında xüsusi şücaəti ilə seçilib. Vətəni canından çox sevirdi.
Anası Nahidə Mehdiyeva deyir ki, oğlu ilə hər danışanda o, Kəlbəcərin azad ediləcəyi günün uzaqda olmadığını söyləyirmiş: "Onda güclü vətənpərvərlik hissi var idi. Murovda xidmət etdiyinə görə fəxr edirdi. Deyirdi ki, axşam olanda oradan bütün Azərbaycan görünür. Hər gün zəng edərdi. Axırıncı dəfə sentyabrın 26-da danışdıq. Ancaq müharibə haqqında heç nə demədi. Arzuları çox idi. Evləndirmək istəyirdim. Həmişə deyirdi, yarımçıq işlərim var, gözlə bir ilim qalıb...".
Sentyabrın 28-də qeyri-bərabər döyüşdə Qurban 21 nəfərlik dəstə ilə 80-dən çox erməni silahlısına qarşı döyüşüb. İki gün davam edən və ermənilərin xeyli itki verdiyi döyüşdə bir addım da geri çəkilməyib. Qurban sentyabrın 30-da döyüşdə qəhrəmancasına şəhid olub.