Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi və 30 illik nifrət hiss, qisas əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, məzarı önündə səcdə etdiyimiz şəhidlərimizdən biri də Hüseyndir. Hüseyn Vahim oğlu Həsənov 2001-ci il aprelin 13-də Ucar rayonunun Çiyni kəndində anadan olub. Orta təhsilini Çiyni kənd məktəbində alıb. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 1 il 3 ay idi ki, hərbi xidmət keçirdi.
Azərbaycan Ordusunun əsgəri Hüseyn Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində xidməti vəzifəsini yerinə yetirərək düşmənə qarşı igidliklə döyüşüb. Hüseyn Həsənov Vətən müharibəsinin ilk günü - sentyabrın 27-də şəhid olub. Şəhid əsgər Ucar rayonunda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə “Döyüşdə fərqlənməyə görə” , «Kəlbəcərin azad olunmasına görə» medalları ilə təltif edilib.