İşğal altındakı Qarabağın azad olunması və şanlı zəfərlə bitən 44 günlük müharibənin şəhidlərinin hər birinin hekayəti ağrılıdır, kədərlidir, eyni zamanda qürurvericidir. Ona görə qürurvericidir ki, şəhidlərin həyat hekayələrini dinləyəndə, onların valideyinləri ilə söhbətləşəndə bir daha əmin olursan-canını vətən torpaqları uğrunda qurban verən bu minlərlə igidin hər biri torpaqları azad etmək eşqi ilə alışıb yanırdı, onların hər biri vətənini canından çox sevirdi.
Belə igidlərdən biri də 21 yaşlı artilleriyaçı Elmir Məmmədovdur. Onun qismətinə cəmi bir gün döyüşmək və şəhid olmaq düşüb, Elmir müharibənin ilk günündə Murov silsiləsi uğrunda gedən döyüşlərdə şəhid olub. Yazdığı məktub isə ailəsinə 4 gün əvvəl yetişib...
Elmir Məmmədov 1999-cu ilin iyun ayının 3-də Salyan rayonunun Xocalı kəndində, sadə kəndli ailəsində anadan olub. Ailədə Elmirdən başda daha bir oğul evladı döyüyüb, indi şəhid qardaşı adını daşıyan 17 yaşlı Xanlar Xanlar Mədəniyyət və İncəsənət Universitetinin 1-ci kurs tələbəsidir. Xanlar deyir ki, qardaşı Elmirin çox böyük arzuları ürəyində qaldı. Ən böyük arzusu işləmək, qazandığı pullar hesabına imkansızlar üçün xeyriyyə fondu yaratmaq idi.
Elmir Məmmədov yaşadıqları Xocalı kəndindəki 4 illik məktəbi bitirdikdən sonra orta təhsilini Salyan şəhərindəki Aşıq Pənah adına 1 saylı orta məktəbdə davam etdirib. 2016-cı ildə orta məktəbi bitirən Elmir elə həmin ili Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elektrik mühəndisliyi ixtisasına qəbul olub . Əyani təhsil alsa da ailələrinin maddi vəziyyəti çətin olduğu üçün həm də işləyərək öz xərclərini qarşılayıb. Atası Arzu kişi deyir ki, Elmir kəndə gələn kimi təsərrüfat işlərində ona həvəslə kömək edərdi.
“Çox zəhmətkeş idi mənim balam”-şəhidin atası kədərli qürur hissi ilə deyir.
Elmir Məmmədov qəbul olunduğu ali məktəbi 2020-ci ildə bitirərək hərbi xidmətə yollanıb. Hərbi xidmətini əvvəlcə Gəncədə, sonra Qazax rayonunun Dəmirçilər kəndində davam etdirib, hərbi təlimlərdə yüksək hazırlıq nümayiş etdirib. Sonuncu dəfə sentyabr ayının 20-də evə zəng vuraraq bildirib ki, ondan nigaran qalmasınlar , Daşkəsənə yola düşürlər.
“Elmirlə nə vaxt danışırdımsa deyirdi hərbi təlim keçirik. Heç yadımdan çıxmır. Sonuncu ad günündə ona həddən çox təbrik mesajları gəlirdi. Mən bunu görəndə baxıb qürurla gülümsədi. Uşaqla uşaq, böyüklə böyük idi mənim balam. Hamı onu çox istəyirdi. Övladlarımızı min əziyyətlə böyütmüşdük. Kənddə orta məktəb olmadığından rayon mərkəzindəki məktəbdə oxuyurdu, bəzən qışın soyuğunda, yağışda, qarda yük maşınlarının kuzovunda dərsə gedərdi. Amma dərslərini yaxşı oxuyub ali məktəbə qəbul olundu. Əsgər gedəndə tapşırmışdı ki, ağlamayım. Amma Səfərbərlik Xidmətinin həyətində, Elmir avtobusa minib yola düşəndə ağlamaq tutdu məni. Aramızda məsafə olduğu üçün göz yaşımı silmirdim ki, ağladığımı hiss etməsin..”- şəhid oğlu üçün aylardır göz yaşları axıdan ana deyir.
Elmir Vətən müharibəsi başlayanda Azərbaycan ordusunun Murovdağ silsiləsindəki mövqelərindən birində artilleriya mövqeyində olub. Şiddətli döyüşlər, qarşılıqlı artilleriya zərbələri başlayıb, aramsız döyüşlərin gedişində düşmənin atdığı mərmilərdən biri döyüş mövqeyində partlayıb. Qəlpələrdən biri Elmirin alnına dəyib və o, şəhid olub.
Elmirin yazdığı məktub isə bu günlərdə ailəsinə yetişib. Məktubu Elmirin üzərindən götürmüş döyüş yoldaşı sonradan özü də ağır yaralanaraq hospitala yerləşdiyindən onu indi çatdıra bilib.
Elmir məktubda yazır: ”8 avqust təntənəli and içmə günü idi. Hər kəs həm də valideyininin qarşısında bir əsgər keçidi edəcəkdi.vAmma olmadı .Ölkədəki karantin rejiminə görə valideynsiz bir gün oldu.Buna da şükür. Ən azından valideynlərim əziyyət çəkib o uzaqlıqda yolu mənə görə gəlmədilər. Həyatda ən böyük arzum valideynlərimə əziyyət verməmək və onların könlünü daim şad etməkdir”.
Növbəti məktub isə Qazaxda yazılıb: “14 avqust. Qazaxın Dəmirçilər kəndinə gəldik. Görünüşü çox qəşəngdir. Düşdüyüm mühit də mehriban mühitdi. Çalışacam ki, burada bütün texnikanın sirlərini tam öyrənim. Döyüşə hazırlıqlı olum. Həmişə çalşmışam və çalışacam ki, nizam-intizamlı əsgər olum. Hələ orduya getməmişdən neçə illər qabaq düşünürdüm ki, şəhid olacam. İnşallah qismət olar. Amma Allahın yazdığı əcəldir. Bilmək olmaz. Amma şəhid olsam bilmirəm ki, ata-anam bu yükü qaldıra biləcək, ya yox. Ölümdən heç vaxt qorxmamışam, sadəcə ailəm gözlərim qarşısına gəlir. Şəhid olsam Allahdan istəyim o olacaq ki, mənə imkan versin, sevdiklərimi kənardan izləyə bilim. Əsas da anamım ürəyinə sərinlik gətirməkdən ötrü. Məncə şəhid olsam anam bu yükü qaldırmağa tab gətirər. Çünki Allah heç kəsə qaldıra bilmədiyini yükləməz. Hər gecə yatanda şəhidlik xəyalı qururam. Yer üzündə olan bütün insanlar üçün və ailəm üçün dua edirəm. Əgər şəhid olmayıb sağ qalsam dua edirəm ki, xeyriyyə fondu yarada bilim...Körpələrə, imkansız adamlara bacardığım yardımı edim. İnşallah iki istəyimdən biri qismət olar. Allah bilən məsləhətdi. Bu cümlələri şəhid olsam hamı, sağ qalsam bəzi adamlar oxuyacaq. Bu vərəqi həmişə ürəyimin üstündə gəzdirəcəyəm...”
Xalası Məsməxanım söhbətə qoşulur, deyir ki, Elmirdən sonra yaşamaq onun üçün zülmdür, əzabdır, çünki anası kimi o da Elmirlə nəfəs alırdı.
“Qarabağ davası başlayandan 10 il sonra dünyaya gələn Elmir bu torpaqları azad etmək uğrunda canından keçdi. Ən böyük arzum, istəyim kəndimizdə bir zamanlar övladımın əlaçı oxuduğu 4 illik adsız ibtidai məktəbə onun adının verilməsidir”-şəhid atası Arzu kişi söhbətə davam edir.
Şəhidin anasının da arzusu var. Deyir ki, indi yeganə oğlu Xanları evləndirmək, onun dünyaya gələcək oğul övladına Elmirin adını qoymaq arzusu ilə yaşayır.
Elmir Arzu oğlu Məmmədov ölümündən sonra “Döyüşdə fərqlənməyə görə” , “Vətən uğrunda” və “Kəlbəcərin azadlığı uğrunda” medalları ilə təltif olunub.
Həmçinin 8 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayevin əmrinə əsasən Elmir Məmmədov ölümündən sonra "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)" yubiley medalı ilə təltif edilib.