Ümüd Qasımzadə 2001-ci il aprelin 13-də Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub.
Həyatı
Ümüd Qasımzadə uşaq yaşlarından idmanın ağırlıqqaldırma növü ilə məşğul olub. Cəlilabad rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-də məşq edirdi. Məşqçisi beynəlxalq dərəcəli məşqçi Qadir Babayev idi. Ümüd Qasımzadə gənclər arasında Azərbaycan Çempionatında 2019 və 2020-ci illərdə gümüş medalların sahib olub. 2020-ci ildə isə Azərbaycan Çempionatında II pillənin sahibi olub.
Hərbi xidməti
Ümüd Qasımzadə 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Ümüd Qasımzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ümüd Qasımzadə oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhadətə yüksəlib. Cəlilabad rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümüd Qasımzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümüd Qasımzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edili.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ümüd Qasımzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.