Əsgər Sahil Hüseynov 12 iyul 2001-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində dünyaya göz açmışdır. Əslən Xocavənd rayonundandır. İlk təhsilini kəndin 1 saylı tam orta məktəbində alan Sahil 2019-cu ildə həmin məktəbi bitirib və hərbi xidmətə yollanıb.
2020-ci ilin 12 iyulundan başlayan Tovuz döyüşlərində Sahil də iştirak edib, döyüş tapşırığını yerinə yetirib.
27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində də iştirak edən əsgər Sahil Hüseynov xüsusilə, Füzuli döyüşlərində iştirak edərək döyüş tapşırığını yerinə yetirib.O, 11 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində düşmənin minaatandan açdığı güllə nəticəsində şəhid olub.
Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Sahil Hüseynov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.