Əli Nuru oğlu Rzalı 2002-ci il aprel 17-də Yardımlı rayonunun Bilnə kəndində anadan olub.
Əli Rzalı 9 illik Bilnə kənd ümumi orta məktəbini bitirib, 10-11-ci siniflərə A.Bağırov adına Vərgədüz tam orta məktəbindən davam etdirib. Asayiş keşikçisi olmaq arzusunda olub Əli. O, boy-buxunlu, mənəvi dəyərlər bağlı bir igid olaraq, hər cür uğuru, uğurlu karyeranı haqq edirdi. Əli ailənin qayğılarını göz önündə tutub, işləmək qərarına gəldiyi üçün təhsilini davam etdirmək fikrini ertələyib, qollarını çırmalayaraq zəhmətə qatlaşıb. Gecə-gündüz demədən çalışan Əli ailənin qayğılarının bir hissəsini öz gənc çiyninə alıb. Anası deyərmiş: “Sənin yoldaşların ali məktəbə qəbul olub, böyük adam olacaqlar". Onun sözünü gülnən kəsən Əli təmkinlə cavab verərmiş: “Ana, kimin böyük adam olacağını zaman göstərər, sən narahat olma. Mən həmişə sənin başını uca edəcəm”. Dedi də, etdi də!
Əsgərliyə getməyə bir müddət qalmış Əli idman məşqlərini daha da intensivləşdirib. Bunu görən babası – kəndin hörmətli ziyalısı Əlihüseyn müəllim soruşanda ki, “Əli bala, nə edirsən” - təbəssümlə deyib ki, “dədə, idman edirəm ki, əzələlərim daha da bərkisin. Əsgərlikdə yaxşı xidmət edib, qayıtdıqdan sonra hüquq mühafizə orqanında çalışmaq istəyirəm". Dedi və daha artığını etdi, əsgərlikdən qayıtmadan ən ali hüquq mühafizəçisi – Vətənin suveren hüquqlarının müdafiəçisi, mühafizəçisi oldu. Daha doğrusu, hüquqtanımazlara, işğalçılara qarşı əks-hücumda yer aldı, döyüşdü, vuruşdu, şəhidlik mərtəbəsinə yüksəldi! Bəli, Əlinin amalı Vətənə xidmət etmək olub. Vaxt-vədə yetişincə, hərbi xidmətə yollanıb. Onu hərbi xidmətə yola salmaqçün kənd ellikcə yığışıb – sanki ürəklərinə dammış kimi, sanki halallaşmaq, vidalaşmaq məqamını idrak edirmiş kimi, son görüş olduğunu bilibmiş kimi… - el-oba onunla vidalaşmağa gəlib...
Yardımlı rayon səfərbərlik və hərbi xidmətə çağırış idarəsinin girişində “Qəhrəman olmurlar, qəhrəman doğulurlar” yazılmış lövhənin altında dayanıb, dayısı – tanınmış jurnalistimiz Elşad Paşasoydan onun şəklini çəkməyi xahiş edir… Ərəblər demiş, təsadüf yoxdur, təvafüq vardır… - Əli qəhrəmanlıqçün doğulduğunu duyub, fərq edənlərdən olub. Boy-buxunlu, yaxşı fiziki hazırlığını nəzərə alıb Əlini Xüsusi Təyinatlı Dəstəyə (XTD) götürüblər. Bunun üçün həkim baxışından keçən zaman Əli qolunun uşaq vaxtı sındığını gizlədib – düşünüb ki, həmin zədə aşkar edilsə, onu XTD-yə götürməzlər. Beləliklə, o, öz istəyinə çatıb, fəxri uniformasını, mavi baş geyimini fəxarətlə geyinib. Xidmət müddətində doğmaları ilə, Elşad dayısı ilə telefon danışığına fürsət yarananda nəinki hansısa çətinlikdən söz açıb, əksinə “hər şey yaxşıdır, dayı, heç bir çətinliyimiz yoxdur, komandirlərimizdən çox razıyıq” deyib.
Əlinin xidmətdə olduğu 6-cı ayda işğalçı Ermənistan yeni müharibə hazırlıqları içindəydi… Əli atası ilə görüşmək üçün onu xidmət etdiyi hərbi hissəyə çağırıb - bəli, sanki son görüşləri olacağı damıbmış ürəyinə... Hərbi hissəyə gələn ata Əlinin hərbi geyimdə necə möhtəşəm göründüyündən fəxarətlə bəhs edib. Yenə keçmiş zamanda danışmayaq: "bəhs edir" deyək.
Azərbaycan Ordusunun əsgəri olan Əli Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
Şəhidlərimiz yaddaşımızda gözəl qalacaq, yaddaşımızın ən gözəl yerindədir onlar. Həmişə də belə olacaq! Atası ilə görüşən Əli Rzalı, oğlu ilə görüşən Nuru Rzalı Tanrıdan da, bir-birindən də çox razı qalıb. O gün razılıq günü olub, məgərsə həm də halallıq günüymüş, son görüş günüymüş həm də… Vətən müharibəsi başlayanda Əli öncəbhədə olduğunu yalnız bacısı Səbinəyə deyib və tapşırıb ki, evdəkilər bilib, narahat olmasın. Bacısı da bu sirri Əli şəhid olan günə kimi saxlayıb... Şəhid xəbəri gəlinəndə sirrin saxlanma müddəti də bitib.
Azərbaycan Ordusunun əsgəri olan Əli Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Əli Rzalı oktyabrın 2-də şəhid olub. Yardımlı rayonunda dəfn olunub.
Əli Nuru oğlu Rzalı Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il tarixli Sərəncamına əsasən bir sıra medallarla təltif edilib.
1. “Cəsur döyüşçü” medalı;
2. “İgidliyə görə” medalı;
3. “Vətən müharibəsi iştirakçısı” medalı;
4. “Kəlbəcərin azad edilməsinə görə” medalı;
5. “Şücaətə görə” medalı.