Hüseynov Məhəmməd Qiyas oğlu 21 mart 2001-ci ildə Gəncə şəhəri Kəpəz rayonunda doğulub..
2007-ci ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2016-cı ildə həmin məktəbin 9-cu sinfini bitirib, 2016-2019-cu illərdə təhsilini 1 nömrəli Peşə liseyində (indiki Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində) davam etdirib.
2019-cu illdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlayıb.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd Hüseynov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda vuruşub.
Məhəmməd Hüseynov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub, nəşi isə erməni tərəfində qalıb. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın 8-ci maddəsinə əsasən nəşi qarşı tərəfdən götürüldü və ailəsinə təhvil verildi. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dekabrın 18-də 2020-ci il tarixli sərəncamı ilə əsgər Məhəmməd Hüseynov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.