Ruslan Nərimanzadə 1995-ci il aprelin 23-də Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub. 2003–2012-ci illərdə S. Məmmədov adına Zəyəm Cırdaxan kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Hərbi xidməti
Ruslan Nərimanzadə 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
İkinci Qarabağ müharibəsində iştirakı
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ruslan Nərimanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Ruslan Nərimanzadə oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Nərimanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Nərimanzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Nərimanzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.