Atəş Aslanov 1993-cü il aprelin 1-də Tovuz rayonunun Məşədivəllər kəndində anadan olub. 2000–2004-cü illərdə Məşədivəlilər kənd tam orta məktəbində, 2004–2011-ci illərdə İ. Bayramov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Atəş Aslanov Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı könüllü olaraq Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Atəş Aslanov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi.
Bir qızı yadigar qalıb.