2021/05/Scree-1621690223.jpg

line
Adı: Baloğlan
Soyadı: Əhədli
Ata adı: Şakir
Doğum tarixi: 10.01.2002
Şəhid olub: 07.11.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Qubadlının azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Baloğlan Şakir oğlu Əhədli 10 yanvar 2002-ci ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. Üç bacının bir qardaşı olub Baloğlan. Uşaqlıq illərini doğulduğu kənddə keçirib.

Baloğlan orta təhsilini başa vurduqdan sonra Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə II Qarabağ müharibəsi başladığı zaman Baloğlan döyüşlərdə iştirak edib. Düşmənə sarsıdıcı zərbələr endirib və xeyli sayda canlı qüvvəsini məhv edib. Qəhrəman əsgərın döyüş yolu Suqovuşan istiqamənindən başlayıb. Daha sonra Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib, bir sıra strateji yüksəkliklərin alınmasında misilsiz fədakarlıq və şücaət göstərib. Qəhrəman Baloğlan 7 noyabr tarixində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Gəgiran kəndinə gətirilib və böyük izdihamla oradakı qəbristanlıqda torpağa tapşırılıb.



Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, şəhid Baloğlan Əhədli ölümündən sonra "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" "Şuşanın azad olunmasına görə" "İgidliyə görə" medalları ilə təltif edilib.



Şəhidin atası Şakir Həbibov oğlunun döyüş yolundan danışır:

"Baloğlan Füzulinin bütün kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Suqovuşan və Şuşada şiddətli döyüşlərdə vuruşub. Şuşa istiqamətində Daşaltı kəndində şəhid olub. Silahdaşları deyir ki, oğlum azad olunan ərazidə daş üstündə yazıb - "Qarabağ Azərbaycandır!" . Bir təsəlli kimi aidiyyəti qurumlardan xahişim var. Gəgiranda yeni müasir orta məktəb binası tikilib. İstəyərdim ki, yeni məktəbə oğlumun adı verilsin".



Şəhidin anası Xanım Əhədova hər zaman oğlundan razı qaldığını deyir:

"Üç bacının bir qardaşı idi. Evimin də sonuncu uşağı idi. Çox cəsur uşaq idi. Bir ana kimi ondan razı idim. Çox tərbiyəli, cəsur və mərd oğul idi. Baloğlanla fəxr edirəm. Onun arzuları çox idi. Öz arzusu ürəyində qaldı. Amma bütün Azərbaycanın arzusunu yerinə yetirdi"...