Nurizadə Qalib Habil oğlu 10 iyun 1996-cu ildə Lənkəran rayonu Gərgiran kəndində dünyaya gəlib.
Azərbaycan Ordusunun əsgəri olan Qalib Nurizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qalib Nurizadə noyabrın 11-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur.
Qalibin 40-ı olmamış, atası oğul itkisinə dözməyərək vəfat edib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Qalib Nurizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Nurizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dekabrın 18-də 2020-ci il tarixli sərəncamı ilə əsgər Qalib Nurizadə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş və "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.