2021/09/elvin-1632598190.jpg

line
Adı: İsizadə
Soyadı: Elvin
Ata adı: Azim
Doğum tarixi: 04.09.2001
Şəhid olub: 26.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Elvin Azim oğlu İsizadə 2001-ci il sentyabrın 4-də Ağdam rayonunun Qaradağlı kəndində dünyaya göz açıb. 2007-ci ildə Ayaz Abbasov adına Qaradağlı kənd orta məktəbində təhsil almaqla yanaşı musiqi məktəbində tar üzrə də ixtisaslaşıb. 2018-ci ildə kollecə qəbul olunub. Bir il sonra könüllü olaraq hərbi xidmətə gedib.

Elvin sevimli tarını silaha dəyişərək haqq savaşına qoşulub, Vətən müharibəsində iştirak edib. Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə sərrast atıcı kimi düşmənə sarsıdıcı zərbələr endirib. Elvin oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şəhid Elvin İsizadə Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.



Şəhidin atası Azim İsizadə oğlunun vətənpərvər gənc olduğunu, Vətən müharibəsində böyük ruh yüksəkliyi ilə döyüşdüyünü deyir:

“Elvin 2018-ci ildə kollecə qəbul olundu. 2019-cu ildə könüllü olaraq hərbi xidmətə getdi. İstəyirdi ki, hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirsin. Konservatoriyaya da qəbul olmaq istəyirdi. Döyüş yoldaşları onun qorxmaz, cəsur əsgər olduğunu, sərrast atəş açdığını deyirdilər. Deyirdi, "Ata, düşmən qaçır. Tezliklə qələbə qazanacağıq"... Oktyabrın 26-da Füzulidə şəhid oldu".





Şəhidin anası Gülbəniz İsizadə də oğlunun musiqi sahəsi üzrə istedadlı olduğunu deyir:

“Elvin uşaqlıqdan hamının sevimlisi idi. Çox ağıllı, tərbiyəli, nümunəvi uşaq olub. Musiqiyə böyük maraq göstərirdi. Tar ifaçılığı üzrə fitri istedada malik idi. Böyük arzuları vardı. Arzuları yarımçıq qaldı. Bizim üçün çox ağırdır, amma onunla fəxr edirik. Ucadan ucadır, zirvədədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin".


Könül İsizadə qardaşı ilə bağlı şirin xatirələrini bölüşür:

“Məktəbə bir gedib gələrdik, dərslərimdə həmişə mənə köməklik edirdi. Nə çətinliyim olsa, yanımda olardı. Həmişə bir-birimizlə dərdləşərdik. Sanki dost idik. Şəhid olandan sonra dəfələrlə yuxuma girib, mənə təsəlli verib”...

>