2021/09/jhjhj-1632158932.jpg

line
Adı: Zamanov
Soyadı: Sənan
Ata adı: Qahir
Doğum tarixi: 17.08.1987
Şəhid olub: 30.09.2020
Rütbəsi: mayor
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı
1987-ci il avqustun 17-də Qusar rayonunun Çiləgir kəndində dünyaya gələn Azərbaycan Silahlı Qüvvələrinin mayoru Sənan Zamanov 1 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

1993-cü ildə Qusar rayon Çiləgir kənd orta məktəbində ibtidai təhsil alan Sənan, 1994-cü ildə təhsilinə Bakı şəhəri, Nəsimi rayonu 211 saylı tam orta məktəbdə, daha sonra isə 1998-ci ildə Beyləqan rayonu, Milabad kənd məktəbində davam etdirib.

O 2001-ci ildə qardaşı ilə birlikdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Burada 3 il təhsil aldıqdan sonra təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirib. Buranı 2008-ci ildə bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi Təlim Tədris Mərkəzində zabit ixtisas kursu keçib, 2009-cu il 20 iyul tarixində Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissələrdə taqım komandiri və bölük komandiri təyin edilib. 2011-ci ildə baş leytenant, 2015-ci ildə kapitan rütbəsi alıb. 2016-cı ildə Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən N saylı hərbi hissəsində bölük komandiri təyin edilib və həmin il mayor rütbəsini alıb. 2019-cu ildən mayor Zamanov Sənan xidmətini Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə davam etdirib. Vətən müharibəsi başlanan dövrdə maddi-texniki təminat taborunun komandiri vəzifəsini tutub.

Sənan Zamanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Zamanov oktyabrın 1-də Suqovuşan döyüşlərində şəhid olub. Düşmən mövqeyinə hücuma keçən Sənan onun canlı qüvvəsini məhv etməklə şücaət göstərərək qəhrəmancasına həlak olub. Qorxmaz komandir oktyabrın 2-də Qusar Şəhidlər xiyabanında dəfn olunub.

Sənan Zamanov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalları ilə təltif edilib.

2018-ci ildə isə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görülüb.