2022/12/kenan-6685937828.jpg

line
Adı: Kənan
Soyadı: Müzəffərli
Ata adı: Azər
Doğum tarixi: 22.12.1995
Şəhid olub: 25.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Kənan Azər oğlu Müzəffərli 22 dekabr 1995-ci ildə Gədəbəy rayonun Çalburun kəndində anadan olub. O, Abdullayevlər ailəsinin ikinci usağı idi. Atası Azər Abdullayev onun soyadını öz atası Müzəffərin adı ilə "Müzəffərli" yazdırdı. Bunu edərkən oğlunun gələcəyini gördüyününün fərqində deyildi yəqin ki!..

Kənan Çalburun kəndində orta məktəbə gedib. Yaxşı oxuyurdu. Sadəcə oxumaqla kifayətlənmir, fiziki cəhətdən də özünü inkişaf etdirirdi. Orta təhsilini bitirəndən sonra Sumqayıt Dövlət Universitetinə qəbul olundu. Ana dilinə və müəllimliyə olan sevgisi onun Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasına üstünlük verməsinə səbəb oldu.



Hərbi xidmət zamanı çatanda fiziki hazırlığı yüksək olduğu üçün xüsusi təyinatlı dəstədə xidmət üçün seçildi. Kənan Müzəffərlinin döyüşlə, müharibə ilə tanışlığı da elə bu dövrə təsadüf etdi.

Naxçıvanda xidmət edən xüsusi təyinatlı əsgər Kənan Müzəffərli 2018-ci ilin iyun ayında Günnütdə əks-həmlə əməliyyatlarında iştirak edərək qələbəni daddı, qalib ordunun əsgəri olmağın qürurunu yaşadı. Ötən əsrin 90-cı illərindən Ermənistanın işğalı altına düşən 11 min hektar ərazi və mühüm strateji yüksəkliklərin azad olunmasında iştirak etdi.


Azərbaycan Ordusunun əsgəri olaraq ilk qələbəsini qazananda ağlına gəlmədi ki, keçdiyi uğurlu qısa hərbi yolun hələ davamı da var. Ancaq o, bundan xəbərsiz hərbi xidmətini başa vurub, müəllimlərin işə qəbulu müsabiqəsinə qatıldı. İlk cəhdində istəyinə nail oldu. 2019-2020-ci dərs ilində rayonun Dəyəqarabulaq kənd tam orta məktəbinə müddətli müqavilə əsasında işə qəbul olundu.


- Kənan müəllimi uşaqlığından tanıyırdım. Bir kənddə yaşasaq da, işləməyə ayrı-ayrı kəndlərə gedirdik. Hər gün 45 dəqiqə bir yerdə gedir, 45 dəqiqəyə də qayıdırdıq. Onda olan həvəs, enerji bir yana, insanlıq keyfiyyətləri də diqqətimi cəlb edirdi. Ziyalı bir ailədə doğulub-böyüdüyü hər davranışından bəlli olurdu. Onunla bağlı hər zaman yaxşı sözlər eşitmişdim. Yol yoldaşlığı eşitdiklərimi görmək imkanı verdi. Tanıdıqca anladım ki, onunla bağlı deyilənlər azdır ki, çox deyil. Kəndlərimiz qar yağanda keçilməz olur. Bir dəfə çətin bir hava şəraiti yaranmışdı. Düşünürdüm ki, məktəbə gedə bilmərik. İsrarla dedi ki, mütləq getməliyik. Müəllimliyə olan həvəsini, uşaqlara olan sevgisini hamı görürdü. Elə bir insan, elə bir gənc haqqında danışmaq mənim üçün çox çətindir. Vətənə layiq oğul oldu. Hər birimiz onunla fəxr edirik,- həmkəndlisi və həmkarı Surxay İbrahimov Kənanla bağlı xatirələrini bölüşür.


Tez-tez Ermənistanın təxribatlarına məruz qalan bir rayonda böyüyən gənc müəllim müharibə başlayanda kənarda qala bilməzdi. Qalmadı da. O da tay-tuşları, özü kimi vətən sevgisi ilə alışıb-yanan igidlərlə çiyin-çiyinə vuruşdu. Oktyabrın 25-də Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdən birində şəhid oldu. Oktyabrın 26-da ana torpağa tapşırılan canı, qanı ilə Vətəninin canına can, gücünə güc qatdı.

Şəhid müəllimi bu gün sadəcə atası, ailəsi yox, məktəbi, dərs dediyi və doğulduğu kənd, bütün Azərbaycan qürurla anır.