Aqil Bağırov 1995-ci il mayın 1-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. 2002–2013-cü illərdə F.Kərimov adına Muğanlı kənd tam orta məktəbində təhsil alıb. 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Əsgərlikdən qayıdandan sonra infrastruktur departamentinin 7 nömrəli Ağstafa yol sahəsinin 1 saylı Böyük-Kəsik məntəqəsində yol montyoru vəzifəsində çalışıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Aqil Bağırov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq döyüşüb. Oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Muğanlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Bağırov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Bağırov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.