Rzazadə Fərhad Mirzə oğlu 12 oktyabr 2001-ci ildə Füzulinin Bala Bəhmənli kəndində doğulub. 2007-2018-ci illərdə Bala Bəhmənli kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ilin 23 oktyabrında həqiqi hərbi xidmətə çağırılıb. Goranboyun Ağcakənd kəndində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayan Fərhad uğurlu xidmətinə görə tezliklə ordan Xüsusi Təyinatlı Qüvvələrə göndərilib.
Fərhadın mənsub olduğu Rzayevlər ailəsi Böyük Vətən müharibəsi, I Qarabağ Müharibəsi və II Qarabağ müharibəsində vətənə 4 qəhrəman, 1 veteran verib. Ailənin şəhidi isə Fərhaddır.
Azərbaycan Ordusunun əsgəri olan Fərhad 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Fərhad ilk olaraq Kəlbəcər-Murovdağ istiqamətində döyüşüb. Murovdağ yüksəkliyinin azad olunmasında xüsusi şücaət göstərərək, düşmənə ağır zərbələr endirib. Oktyabrın 1-də Füzuli istiqamətində gedən döyüşlərə qatılıb. Fərhad öz kəndini və atasını sonuncu dəfə kəndin dördyol adlanan istiqamətindən keçərkən avtobusdan görür. O, Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Sonuncu döyüşü Cəbrayılın Daşkəsən kəndinin azad edilməsi uğrunda olur. Daşkəsən kəndində düşmən mövqeyi məhv edildikdən sonra düşmən artilleriyasından atılan mərminin yaxınlıqda partlaması nəticəsində oktyabrın 3-də Cəbrayıl uğrunda döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn qəhrəmanımız oktyabrın 14-də Füzuli rayon Bala Bəhmənli kənd qəbiristanlığında dəfn olunub.
Fərhad Rzazadə şəhadətindən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" , “Cəsur döyüşçü” , və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.