Elnur Əli oğlu Allahverdizadə 1995-ci ildə Sumqayıtda anadan olub. 2012-2016-cı illərdə Slavyan Universitetində tərcümə fakültəsində Çexiya-Azərbaycan dili ixtisası üzrə təhsil alıb.
Elnur onlarla serialın və filmin səs rejissoru kimi çalışıb. “Barama” və "Atılmışlar” serialları, "Son iclas” sənədli filmi, saysız-hesabsız reklamların səs rejissoru olub. "Bozbash pictures”lə birgə çalışıb. "Picmus production”un əməkdaşı olub.
Qəhrəmanımız 2016-2017-ci illərdə hərbi xidmət keçib. Sentyabrın 29-dan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt İdarəsindən müharibəyə yollanıb.
“Elnur ixtisaslı topçu idi. Ağcabədinin Qiyaməddinli kəndində döyüşüb. Noyabrın 7-də həmin yerdə şəhid olub ”,- deyə qardaşı Səbuhi bildirir. Şəhidin qardaşının sözlərinə görə, ailə ilə əlaqə saxlayan döyüş yoldaşları Elnurun qorxmazlığından danışmaqdan yorulmurlar: "Onlar qardaşımın topun arxasında olanda əsl qəhrəmanlıq, igidlik nümunəsi göstərdiyini dönə-dönə vurğulayırlar. Düşməndən zərrə qədər də qorxmayıb. Bütün döyüş yoldaşlarına ürək-dirək verərdi. Möhkəm olmağa çağırardı".