Ağayev Ramil Mərdan oğlu 1984-cü il dekabrın 20-də Lerik şəhərində anadan olub. Azərbaycan Ordusunun mayoru kimi 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Cəbrayılın və Füzulinin azadlığı uğrunda döyüşüb.
Mayor Ramil Ağayev oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Lerik şəhərində dəfn edilib.
Şəhid olduqdan sonra 2 qız övladını - 2007-ci il doğumlu Aysu və 2008-ci il doğumlu Zəhranı xalqımıza əmanət qoyub. Kiçik qızı Zəhra atasına şeir həsr edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Ramil Ağayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə", "Döyüşdə fərqlənməyə görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.