Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Rövlan Məmmədovdur.
Məmmədov Rövlan Qurban oğlu 2001-ci il mayın 24-də anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Rövlan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Rəşadətlə döyüşüb.
2020-ci il oktyabrın 15-də Füzulini azad edəndən sonra Rövlan və döyüşçü yoldaşları Cəbrayıl istiqamətinə keçib. “Vışka” deyilən yerdə açıq döyüşdə yanında minaatan mərmisinin partlaması nəticəsində şəhid olub”.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rövlan Məmmədov ölümündən sonra bir sıra medallarla təltif edilib:
1.“Cəsur döyüşçü” medalı;
2.“Vətən uğrunda” medalı;
3.“Kəlbəcərin azad edilməsinə görə” medalı;
4.“Cəbrayılın azad olunmasına görə” medalı;
5.“Füzulinin azad edilməsinə görə” medalı.