2021/05/13860-1621721422.jpg

line
Adı: Cabbarov
Soyadı: Muraz
Ata adı: İlham
Doğum tarixi: 07.03.2000
Rütbəsi: Əsgər

Daşkəsən rayon Zağalı kənd sakini, 18 yaşlı Cabbarov Muraz İlham oğlu Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olub. Az bir zamanda döyüş sirlərinə sahiblənən və bir çox silahlardan istifadə etməyi bacaran gənc əsgərin xidməti dövründə Vətən müharibəsi başlayıb. O, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 30-da şəhid olub .

Şəhidin anası Zeynəb Cabbarova övladını itirməsindən acı duysa da, şəhadətindən qürur hissi keçirdiyini bildirib:
- Övladımla fəxr edirəm. O, şəhid olaraq mənim də başıma uca elədi. Hərbi xidmətə gedən zaman tamam başqa yerə düşmüşdü. Lakin öz istəyilə Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olmaq istəyir və ora gedir. "Rahat yerini niyə dəyişdin" soruşanda deyirdi ki, "ana, bura daha yaxşıdır, çünki burda daha rahatam". Həmişə əsgər yoldaşlarından, komandirlərindən razı olub. Sonuncu dəfə müharibədən öncə görüşmüşdüm. Dedi, narahat olma, az qalıb, qayıdacağam yanına, darıxma. Ondan sonra müharibə başlayanda bir dəfə zəng etdi, amma döyüşə getdiyini demədi. Dedi özündən, qardaşlarımdan müğayat ol, mənə görə də narahat olma, başqa yerdəyəm, müharibə olan ərazidən kənardayam. Mən narahat olmayım deyə, döyüşə getdiyini demirdi.

Sonra günlərlə əlaqə kəsildi, onda narahat olmağa başladım. Harada olduğunu bilmirdik. Xəstəxanaları axtardıq, tapmadıq. Özümə təsəlli verib deyirdim, yəqin, elə yerdədir ki, bizimlə əlaqə saxlaya bilmir. Sonra bir də baxdım ki, balamın nəşini gətiriblər. Əslində bir ana kimi balama nəsə olduğunu hiss etmişdim. Amma istəmirdim övladımı itirdiyimi ağlıma belə gətirim. Yuxularıma girirdi. Onun haradasa rahat yatdığını hiss edirdim. Yoldaşıma dedim xəstəxanaları axtaraq bəlkə oğlumuz komaya düşüb ona görə əlaqə saxlaya bilmir bizimlə. Bəli o, rahat yatırdı, amma şəhid olaraq. Elə həmin gün hiss etmişdim. Arzum idi ki, o qələbə ilə əlində bayraq evinə qayıtsın, qaytarılan torpaqlarda özü sevinərək gəzsin. Desin ki, buranı alanlardan biri də mən olmuşam. Lakin qisməti olmadı, qələbə ilə bayrağa sarılmış tabutda gəldi. Bu kənddə tək şəhid anası mənəm, bütün şəhid analarına başsağlığı verirəm. Bilirəm, onlar da mənim kimi övlad acısı yaşayırlar. Lakin başımızı uca edən övladlarımız bizlərin qürurudur".