44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Kənan Həsənovdur. Kənan Zirəddin oğlu Həsənov 2001-ci ildə ildə Göygöl rayonunun Şəhriyar kəndində anadan olub.
Kənan 2007-ci ildə Lətif Məhərrəmov adına Göygöl rayon Şəhriyar kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olunub, 2018-ci ildə həmin məktəbin XI sinfini bitirib. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.
Azərbaycan Ordusunun əsgəri Kənan Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başladılan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib, şücayətlə döyüşüb. Oktyabrın 12-si Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub.
44 gün davam edən Vətən Müharibəsində Azərbaycanın işğal altındakı torpaqlarının mənfur düşməndən xilas edilməsi uğrunda Kənan da vətənpərvər oğul kimi canından keçdi, şəhidlik zirvəsinə ucaldı. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kənan Həsənov ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.