44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Mamedov İlahəddin Dilamuddinoviçdir
İlahəddin Mamedov 2 iyul 2001-ci ildə Xaçmazda anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan İlahəddin Mamedov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
2020-ci ildə oktyabr ayının 12-si Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün İlahəddin Mamedov ölümündən sonra “Cəsur döyüşçü”,“Vətən müharibəsi iştirakçısı”, "Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.