Elşad Allahverdiyev 1997-ci il, aprelin 5-də Göygöl rayonunda anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini başa vurduqdan sonra Rusiya Federasiyasının Omsk şəhərində Ali Hərbi Tank Akademiyasında ali təhsil alıb.
5 il sonra akademiyadan məzun olub və Beyləqan rayonunda yerləşən hərbi hissədə hərbi vəzifəsinə başlayıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Elşad Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altındakı ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində vuruşub. Döyüşlər bitdikdən sonra tank əleyhinə minaların təmizlənməsi əməliyyatında iştirak edib. 23 noyabr 2020-ci ildə Şuşa şəhərində minaya düşərək, şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Allahverdiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Allahverdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.