Quliyev Əvdil Qardaşxan oğlu 1972-ci il iyulun 31-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub.
O, 1980-ci ildə Təzəkənd orta məktəbinin birinci sinifinə gedib. Məktəbi bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub və burada institutun hərbi kafedrasını bitirərək leytenant rütbəsi alıb.
1996-cı ildə həqiqi hərbi xidmətə çağırılan Ə.Quliyev Tovuzda yerləşən "N" saylı hərbi hissədə motoatıcı tağım komandiri kimi xidmətə başlayıb. 2000-ci ildə baş leytenant rütbəsi ilə xidmətini başa vurub. 2018-ci ildən etibarən Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin tədrisi ilə məşğul olub.
O, 2020-ci ilin iyul ayında Tovuz hadisələrindən sonra orduya yazılmaq üçün könüllü müraciət edib. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladıqdan sonra oktyabrın 1-də SHXÇDX-nın Beyləqan rayon şöbəsi tərəfindən xidmətə çağırılıb. O, Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.
Əvdil Quliyev noyabrın 7-də Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olan zabit yoldaşına kömək etmək istəyərkən düşmən tərəfindən açılan snayper atəşi ilə şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əvdil Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə” medallar və “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden ilə təltif edilib.