2021/09/Anar_-1632653821.jpg

line
Adı: Yusifov
Soyadı: Anar
Ata adı: Sərxan
Doğum tarixi: 09.05.1991
Şəhid olub: 30.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Füzulinin azad olunmasına görə» medalı
Yusifov Anar Sərxan oğlu 1991 -ci ilin 9 mayında Ağdam rayonunun Sarıcalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Ağdam Dövlət İqtisad Kollecində maliyə-kredit fakultəsinə qəbul olunub. 2010-cu ildə hərbi xidmətə yollanıb.

Atasının xəstəliyini nəzərə alaraq uşaqlıqdan arzuladığı hərb sahəsinin “kitabını bağlayan” Anar, General Polad Həşimov şəhid olandan sonra könüllü şəkildə döyüşmək üçün ərizə ilə səfərbərliyə müraciət edib. Döyüşlər başlayandan sonra yenidən Səfərbərlik Xidmətinin Ağdam şöbəsinə gedib və könüllü olaraq cəbhəyə yollanmaq istədiyini bildirib. Vətən müharibəsi başlayan gündən döyüşlərə qatılıb və bir çox qəhrəmanlıqlar göstərərək mənfur düşməni məhv edib. O, oktyabrın 30-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şəhid olmazdan təxminən 1 saat əvvəl atası ilə telefonla danışıb. Telefon danışığı zamanı Anar atasına deyib ki, buralar çox səfalı yerlərdir, indi başa düşürəm ermənilər buraları niyə işğal edib.

Atası oğlunun dəfnində : “Anar tək mənim oğlum deyil, Azərbaycanın oğludur. Bu gün qan bahasına o torpaqları işğaldan azad etdik. Onlar gələcək nəsil üçün bir örnək yaratdılar. Bütün şəhid anaları, ataları başlarını dik tutsun. Bizim uşağımız Vətən yolunda şəhid olub. Onların şəhid olduğuna görə heyfslənə bilmərik”,- deyib.

Anarın qardaşı da döyüşürdü. Anar döyüş yoldaşlarına deyirdi ki, ikimizdən birimiz ölsək, təki mən ölüm, qardaşım sağ qalsın. Çünki mənim 3 uşağım var, amma onun heç bir uşağı da yoxdur. Dediyi kimi də Anar şəhid oldu.

Evli idi. 2 qızı və 1 oğlu yadigar qalıb. Ahu adlı körpə qızı atasının şəhidliyindən sonra dünyaya gəlib. Ölümündən sonra Anar "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.