Xalqımız Vətən müharibəsinin qələbəsini öz qanları ilə tarixin səhifəsinə əbədi həkk edənləri heç zaman unutmayacaq. Şanlı qələbənin qazanılması, işğal altında olan torpaqlarımızın azadlığı yolunda qəhrəman zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Xocalı rayonundan məcburi köçkün Əlizamin Ramazanlıdır.
Əlizamin Ramazanlının ailəsi Xocalı rayonunun Kosalar kəndindən məcburi köçkün kimi Bərdə rayonunun Şirvanlı kəndində məskunlaşıb. Əlizamin ata-baba yurdu Kosalarda doğulmasa da, hər zaman doğma torpaqların həsrəti ilə yaşayıb. Ona görə də hərbi xidmətini başa vurduqdan sonra hərbçi kimi Vətənə xidmət etməyə qərar verib.
Əlizamin Ramazanlı Umud oğlu 2000-ci il 9 mayda Bərdə rayonunun Şirvanlı кəndində anadan olub. 2006-2017-ci illərdə orta təhsilini Bərdədə yerləşən Şuşa rayon 19 saylı tam orta məktəbdə alıb.
Əlizamin Ramazanlı 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətini 2019-cu ildə bitirib, yenidən ordu sıralarına qayıdır. Xüsusi Təyinatlı Qüvvələrdə hərbi qulluqçu kimi Zaqatala, Cəlilabad və Yevlaxda hərbi xidmət göstərib.
Azərbaycan Ordusunun xüsusi təyinatlı giziri olan Əlizamin Ramazanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Hadrut rayonları istiqamətində gedən döyüşlərdə savaşıb.
Əlizamin anasından kiçik yaşlarından yaxın qohumu “Azərbaycanın Milli Qəhrəmanı” Tabil Həsənovun döyüş yolunu tez-tez soruşardı. “Qırxqız qartalı” ləqəbli Tabil Həsənov onun üçün qəhrəmanlıq məktəbi olub. Əlizamin Tabil Həsənovun qəhrəmanlıq hekayələri ilə böyüyüb, vətənpərvər gənc kimi yetişib.
Onun döyüşkən ruhu Tabil Həsənovun qəhrəmanlıq dastanı ilə yoğrulmuşdu.
Anası ilə danışanda məndən narahat olmayın, ən ağır silah sənin oğlundadır deyərək arxayın edərdi. Ana, sadəcə onu bil ki, hər şey Vətən üçündür.
Əlizamin hər zaman ailəsi ilə danışanda onun son sözləri mən yaxşıyam, təki siz yaxşı olun, təki Vətən sağ olsun sözləri olardı. Xocalıya bayrağımızı özüm sancacağam deyərdi. Görmədiyi ata yurdu Xocalının Kosalar kəndində bayrağımızı qaldırmaq ən böyük arzusu idi.
Xüsusi Təyinatlı Qüvvələrdə işlədiyi üçün necə işlədiyini, nələr etdiyi haqqında danışmazdı. Çünki həmişə deyərdi ki, kəşfiyyatçı görünmədən görmək, ölmədən dönməkdir. Əzizləri ilə danışanda qürurla Xüsusi Təyinatlı Qüvvələrdə işləmək hər oğulun işi deyil söyləyərdi. Doğrudan da belədir. Əlizamin Tovuz döyüşlərində də igidliklə döyüşərək məharətini göstərib.
Sentyabr ayının əvvəlində ailəsi ilə görüşə gəldikdə anasına papağını, atasına isə ətrini hədiyyə edib. Əlizamin sanki şəhid olacağını bilirmiş kimi vidalaşıb evdən çıxarkən. Son görüşündə ana, gəl şəkil çəkdirək, bu şəklimizi xatirə saxlayarsan deyərək evdən ayrılıb.
Sonra Füzuli istiqamətində döyüşlərə qatılıb. Şəhid olduğu gün isə iş yoldaşını maşından düşürərək erməni öldürməyə mən gedəcəm deyib. Komandir isə Əlizaminə sən yeni gəlmisən, gözlə desə də, o xahişində təkidli olub.
Əlizamin Ramazanlı oktyabrın 16-da Hadrut rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olub. Bərdə rayonu Şirvanlı kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əlizamin Ramazanlı ölümündən sonra "Vətən uğrunda" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhidin atası Umud Ramazanov deyir ki, Əlizamin Vətənə bağlı insan idi. Vətən sevgisi ilə yaşayırdı. “Hərbi xidməti başa vurduqdan sonra gizir kimi Vətənimizə xidmət etməyə başladı. Ən böyük istəyi işğal altında olan torpaqlarımızı azad etmək idi. Bu istək də onu Vətən müharibəsinə apardı. Ağdərə, Kəlbəcər, Füzuli, Hadrut istiqamətində döyüşlərdə iştirak etdi. Canından çox sevdiyi Vətən uğrunda da şəhid oldu”.
Anası Adilə Ramazanova deyir ki, Vətən kəlməsi Əlizaminin dilindən düşmürdü. “Həmişə görmədiyi torpağının arzusunda idi. Əsgərlikdə olanda deyirdi ki, gələndən sonra da torpaqlarımızı qoruyacaq. Elə də etdi. Vətən müharibəsinin iştirakçısı oldu. Telefonda deyirdi ki, narahat olmayaq. Hər şey yaxşı olacaq. Sonuncu dəfə danışanda dedi ki, əgər şəhid olsa, nə qədər çətin olsa belə “Vətən sağ olsun” deyim. Əlizaminin axırıncı sözləri bu oldu. Bütün şəhidlərin anasıyam. Onların canı, qanı bahasına torpaqlarımız azad edildi”.
Əlizamin orta məktəbdə nizam-intizamlı, fəal şagird kimi tanınırdı. Müəllimi Qabil Dadaşov onun məktəbin tədbirlərində, ictimai işlərdə fəal iştirak etdiyini bildirir: “Məktəbdə keçirilən yarışlarda fərqlənirdi. Dəfələrlə fəxri fərmanlara layiq görülüb. Qoçaq və mərd oğlan idi. Mən Əlizaminin valideynlərinə üzümü tutub deyirəm ki, belə övlad böyütdükləri üçün başlarını uca tutsunlar”.
Əlizamin kimi igidlər Qarabağ Azərbaycandır deyərək qanları ilə tarix yazdılar. İndi bütün şəhidlərimizin ruhu rahat uyuyur və şaddır. Çünki onların müqəddəs mübarizəsi qələbəmizlə yekunlaşdı. Qarabağı yağı tapdağından azad etdik. Biz şəhidlərimizi daim yaşatmalı, onların uca məqamı ilə fəxr etməliyik.