Rəsman Mərdan oğlu Həmidov 1998-ci il iyunun 1-də Şamaxı rayonunun Adnalı kəndində anadan olub. 2004-2012-ci illərdə Abşeron rayonunun Müşfiqabad qəsəbəsinin 320 nömrəli tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Nişanlı idi.
Rəsman Həmidov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Rəsman Həmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Rəsman Həmidov oktyabrın 17-də Hadrut döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsman Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsman Həmidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.