Vüsal İsmayılov 1998-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2002-ci ildən isə "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Xidməti ərzində Piyadanın Döyüş Maşınında (PDM) Maşın Komandiri vəzifəsində xidmət edib və 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşləri zamanı Lələtəpə istiqamətində gedən döyüşlərdə savaşıb.
Azərbaycan Ordusunun baş giziri olan Vüsal İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal İsmayılov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Oğuz rayonunun Xalxal kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
memorial.az