Qarşılarına 30 ilin həsrətinə son qoymağı məqsəd qoyanlar ömürlərinin baharında, gənc yaşlarında bu amal uğrunda qəhrəmancasına canlarını fəda etdilər. Gözlərini də qırpmadan “Vətən sağ olsun dedilər”.
Elə 30 yaşlı şəhid gizirimiz Əliyev Xəqani Füzuli oğlu kimi.
II Qarabağ müharibəsinin qələbə ilə bitməsində əməyi olan, qanı ilə tarix yazan şəhidimiz 1990-cı il iyul ayının 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində doğulub. O, 2009-cu ildə 10 saylı Sumqayıt şəhər Peşə Liseyini bitirib. 2011-ci ildə Daxili Qoşunlarda xidmətə başlayıb.
2013-cü ildə ehtiyata buraxılan Xəqani Əliyev daha sonra, 2015-ci ildə yenidən N saylı hərbi hissədə kəşfiyyat tağım komandirinin müavini kimi xidmətə başlayır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi QulamlıXəqani Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəqani Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Yüksək döyüşçü bacarıqları və qüsursuz xidməti nəzərə alınan Xəqani Əliyev “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub.
Ağır döyüşlərdən birində bir neçə güllə yarası almağına baxmayaraq, hospitalda müalicəsini yarımçıq qoyub “əsgərlərim orada qan tökən vaxt mənim burada olmağım doğru deyil” deyərək yenidən döyüş bölgəsinə qayıdıb və oktyabrın 28-də qəhrəmancasına şəhid olub.
Şəhid gizirimiz nişanlı idi. Qələbədən sonra toyu olacaqdı...