2021/09/Yüks-8162080860.jpg

line
Adı: Əlizadə
Soyadı: Yüksəl
Ata adı: İlqar
Doğum tarixi: 05.06.1996
Şəhid olub: 09.11.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Yüksəl İlqar oğlu Əlizadə 1996-cı il iyunun 5-də Qazax rayonunda anadan olub. Uzun illər bir sıra şəhər və rayon Prokurorluqlarında çalışan İlqar Əliyev və Gəncə Dövlət Universitetinin (GDU) Kafedra müdiri Sevda Kazımovanın ailəsində dünyaya gəlib. Orta təhsilini Gəncə şəhərində alıb, ali təhsilə isə Baкı Dövlət Universitetinin "Tarix" ixtisası üzrə yiyələnib. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra Naxçıvan Dövlət Universitetində (NDU) "Hüquq" ixtisası üzrə 2-ci təhsilə yiyələnib. Gəncə şəhər Prokurorluğunda böyük mütəxəssis vəzifəsində çalışırdı.



Yüksəl Əlizadə 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinə müraciət edib və sentyabrın 21-də təlimlərə yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Yüksəl Əlizadə 2020-ci ilin başlayan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşçü yoldaşları ilə erməni səngərinə girib, hətta əlbəyaxa vuruşan Yüksəl 19 güllə yarası alıb. Yüksəl noyabrın 9-da müharibənin bitməsinə saatlar qalmış Xocavənd döyüşləri zamanı şəhidliyə yüksəlib. Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Xocavənd və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilib.



Hazırda Baş Prokurorluqda dövlət ittihamçısı vəzifəsində çalışan ailənin böyük oğlu Aqil Əlizadə deyir ki, Yüksəllə sonuncu dəfə 8 noyabr tarixində danışıblar:

“Ailəmizi Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik etdi. Əsas danışığımız bu məsələ ətrafında oldu. Demək olar ki, günaşırı bizimlə əlaqə saxlayırdı. Əhval-ruhiyyəsi də həmişə yaxşı olurdu. O qədər fərqli uşaq idi ki, daim irəli gedib nəticə əldə etməyə can atardı. Həmişə şad xəbərləri biz ondan eşidərdik. Sevinə-sevinə zəng vurub deyirdi ki, bu gün filan nailiyyətləri əldə etdik".

Şəhid qardaşı sözlərinə davam edir:

"Nə hadisə baş verdisə, noyabrın 9-u günortadan sonra oldu. Bizə dedi ki, hələ döyüşlərdədir. Növbəti yüksəkliyi götürmək üçün çalışırlar. Ona kimi 3-cü taborun üzvləri olaraq 3 kəndi və 4 yüksəkliyi düşməndən azad etmişdilər. Əsas çətin yüksəkliklərdən biri də Xocavənddə yerləşən Üçtəpə yüksəkliyi olub. Son döyüşü də burada keçib. 34 nəfər dağın iki istiqamətində bölünüblər. 17 nəfərdən 3-ü yaralanıb. Yaralılardan ikisini Yüksəl Vidadi adlı döyüş yoldaşıyla birgə aşağı düşürüb. Daha sonra döyüşçü yoldaşlarının yanına qayıdıb. Qayıtdıqdan sonra elə ikisi də bir yerdə şəhid olublar. Yerdə qalan 12 nəfər də bir yerdə şəhid olublar. Qardaşımdan 11 gün xəbər almadıq. 19 noyabr tarixində isə şəhid olması xəbəri gəldi"...

Aqil qeyd edir ki, qardaşı subay olub:

"Dekabrın 3-də övladım dünyaya gəldi. Onun adını "Yüksəl" qoyduq. Yüksəl hətta müharibəyə getməmişdən qabaq iyun ayında bizə demişdi ki, "Oğlunuzun adını Yüksəl qoyarsınız" . Çox vətənpərvər oğul idi. 2014-cu ildən etibarən sosial şəbəkə hesablarında müharibəylə bağlı postlar paylaşırdı. Xüsusilə Qarabağ şəhidləri, qaziləri və şəhid anaları ilə bağlı paylaşımlar edirdi. Bu qısa müddətdə onunla bağlı çoxlu videoçarxlar çəkilib, dostları onun xatirəsinə şeirlər yazıblar. Yaralı döyüş yoldaşları Yüksəlin bu müddətdə göstərdiyi şücaətlər barədə bizə çox danışıblar”.



Yüksəlin digər qardaşı Əli Əlizadə də atasının yolunu davam etdirir, prokurorluq işçisidir. Onun sözlərinə görə, mərhum ataları İlqar Əliyev 25 ildən artıq prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Şəhid qardaşı Yüksəldən bəhs edərkən deyir:

“Məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul oldu. Qiyabi təhsil aldığından Gəncə İnzibati İqtisad Məhkəməsində, sonradan isə Gəncə şəhər prokurorluğunda işlədi. Təhsilini tamamlayıb ikinci təhsil kimi hüquq fakültəsinə daxil olmuşdu, birinci kursda oxuyurdu. Arzuları vardı, amma torpaqlarımızın işğaldan azad edilməsi arzusu bütün istəklərini üstələdi”.

O, əlavə edib ki, Yüksəl tarixi yaxşı bildiyindən torpaqların işğalı ilə barışmırdı:

“Müharibə xəbərini eşidəndən rahatlıq tapmırdı. Ailəmizin sonbeşiyi olsa da, hamının imdadına yetişirdi. Dəfn mərasiminə gələn dostları onun sadəliyindən, mehribanlığından danışırlar. Özünə hörmət qazanmışdı. Kaş onu tanısaydınız, heç vaxt lovğalanmazdı, böyük-kiçik yerini bilən idi. Yaşının az olmasına baxmayaraq hörmət qazanmaq, hamının sevimlisinə çevrilmək, şəhidlik zirvəsinə yüksəlmək hər kəsə qismət olmur”.



Noyabrın 9-da qardaşları Yüksəlin döyüşçü dostları ilə əlaqə saxlasalar da, heç kimdən onun haqda məlumat öyrənə bilməyiblər. Ailənin narahat günləri başlayıb:

“Güman edirdik ki, əsir düşüb, ya da yaralıdır. Amma ayın 14-də artıq şəhid olduğunu bildik...

Qəbul etmək çətindir, hələ də inana bilmirik. Dəfn mərasimində döyüşçü dostları onun iki yaralı əsgəri təkbaşına döyüş meydanından çıxarmasından danışdılar. Özünün səs yazılarında da var, yaralıları necə çətinliklə çıxardığını deyib. İki dəfə mühasirəyə düşüblər, düşmənin içinə sızıb zərbə vurublar”.



Dostları Yüksəl haqqında yüksək fikirlər səsləndirir:

”Yüksəl hələ məktəb illərindən davranışı, əxlaqı, nizam-intizamı, savadı ilə hamıdan fərqlənirdi. Məsuliyyətli idi, qarşısına qoyduğu məqsədinə çatmaq üçün çalışırdı. Ən əsası isə vətənpərvər idi. Cəbhəyə yollanarkən “mütləq qayıdacağam, nə fərqi var, sağlam, yaralı, yaxud şəhid kimi bayrağa bükülmüş tabutda qayıdım. Əsas odur ki, qalib qayıdacağıq””...



Öz adını yaddaqalan hesab edirdi Yüksəl. Sanki günün birində şəhid olacağını, bu dünyadan vaxtsız köçəcəyini bilirdi. Yəqin elə buna görə hələ dünyaya gəlməmiş qardaşı oğluna adının verilməsini istəmişdi. Bəli, dekabrın 3-də dünyaya daha bir Yüksəl gəldi. 24 yaşlı əmi Yüksəl Əlizadə isə o zaman artıq şəhidlik zirvəsinə yüksəlmişdi... Ruhun şad olsun, Vətənin yüksələn oğlu!