Piriyev Raul Zabid oğlu 04 iyun 1997-ci il tarixdə Şəmkir rayonu Kür qəsəbəsində anadan olmuşdur. 2003-cü ildə Şəmkir rayonu, Kür qəsəbəsi, H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbin birinci sinfinə qəbul olan R.Piriyev 2006-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin üçüncü sinfinə qəbul olmuşdur. 2015-ci ildə orta məktəbi bitirərək AzTU-nun Dəmir Yol Nəqliyyatı və Təsərrüfatı mühəndisliyi fakültəsinə qəbul olunmuş və 2019-cu ildə təhsilini başa vurmuşdur. Elə həmin ildə də həqiqi hərbi xidmətə çağrılan R.Piriyev ilk olaraq Ağcabədidə xidmət etmiş, daha sonra Cəlilabad Göytəpə taborunda xüsusi təyinatlı kimi fəaliyyətini davam etdirmişdir.Əsgərliyinin bitməsinə sayılı günlər qalmışdı. Ailəsi, yaxınları onun yolunu səbirsizliklə gözləyirdi.
Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qoşulan R.Piriyev Murovdağ, Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir.
13.10.2020-ci ildə Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhidlik zirvəsinə ucalmışdır.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə bir sıra medallar ilə təltif edilmişdir.
1.“Cəsur döyüşçü” medalı;
2.“Vətən müharibəsi iştirakçısı” medalı;
3.“Kəlbəcərin azad edilməsinə görə” medalı;
4.“Cəbrayılın azad edilməsinə görə” medalı;
5.“Xocavəndin azad edilməsinə görə” medalı;
6.“Şücaətə görə” medalı.
Raulun atası Zabit Piriyev Moderator.Az-a bildirib ki, oğlu ilə sonuncu telefon danışığını belə xatırlayır.
“Sentyabr ayında zəng edib dedim ki, oktyabrda gəlirsən də bala? Gülərək cavab verdi ki, ata sən nə danışırsan? Bizim hələ işlərimiz qabaqdadır. Axırıncı dəfə Goranboyda olarkən mənə zəng vurdu, dedi ki, ata burada işimizi bitirmişik, gedirik o biri torpaqları almağa. Sonuncu döyüşü Cəbrayıl ətrafında olub, elə orda da şəhidlik zirvəsinə ucalıb. Komandirinin dediyinə görə bölmə mühasirəyə düşüb. Ona demədən 5 nəfəri də özü ilə götürərək mən düşmənin qabağını kəsəcəyəm deyib və gedib. Komandiri deyir ki, Raulun qışqırığı yadımdan çıxmır, sinəsini qabağa verərək mənfur düşməni məhv edirdi, bir yandan da şəhidlərimizin və yaralılarımızın döyüş meydanından çıxarılmasına şərait yaradırdı. Çox böyük qürur hissi keçirirəm ki, belə bir oğul böyütmüşəm. Oğlumla fəxr edirəm, hər bir ataya Raul kimi oğul nəsib olmur. Bütün şəhidlər mənim oğlum, mən də bütün şəhidlərin atasıyam” deyə şəhidimizin atası bildirib.
Şəhidimizin anası Nəcibə Piriyeva deyir ki, Raul asudə vaxtlarını kitab oxumaqla dəyərləndirirdi, hətta kiçik qardaşları Rauf və Namiqin də dərslərinə ciddi nəzarət edirdi.
“Həm işləyirdi, həm də oxuyurdu. İş yoldaşları da çox hörmətini saxlayırdı. Uşağlıqdan futbolu çox sevirdi, amma biz oxumasını istəyirdik. Əsgər gedəndən sonra xüsusi təyinatlıya yazıldı.
Vətənpərvərliyi çox yüksək idi, vətənini sevirdi. Əlaçı stipendiyası alırdı, bizə yük düşməsin deyə işləyirdi. Hərbi xidmətdən qayıdıb gələndən sonra magistraturada oxumaq istəyirdi. Həmişə deyirdim ki, bəlkə magistr oxuyub sonra gedəsən hərbi xidmətə? Deyirdi ki, yox ana, öncə vətəndir. Bütün şəhidlərimizlə qürur duyuram, hamısı ilə. Çünki onlar olmasa idi, bu gün torpaqlarımız azad olunmayacaqdı” -deyə şəhidin anası bildirib.
Piriyevlər ailəsinin indi bir arzusu var. Tezliklə Cəbrayıla, Raulun döyüşdüyü yerlərə getmək, onun ayağı dəyən torpaqlarda olmaq, oranın havasında sanki övladlarının qoxusunu duymaq. Raulun və digər igidlərimizin şücaət göstərdiyi, qəhrəmancasına vuruşduğu bu torpaqlarda hər bir şəhid ailəsi başıdik, qürur hissi ilə addımlayacaq. Vətən şəhidləri ilə ucalır!