44 günlük İkinci Qarabağ müharibəsi bir daha sübut etdi ki, Azərbaycan ərlər, ərənlər məmləkətidir. Ölkənin hər guşəsindən onlarla qəhrəman öz şücaətini göstərdi, tarixə adını qızıl hərflərlə yazdırdı. Hər rayondan, hər şəhərdən, hər qəsəbə və kənddən həm qazilərimiz, həm də şəhidlik zirvəsinə ucalan igidlərimiz oldu. Azərbaycan gənclərinin altı həftə ərzində göstərdiyi şücaət dastanlara sığmaz dərəcədə hesabsızdır. Biz bu tarixdən zaman baxımından uzaqlaşdıqca onun salnamələrinin möhtəşəmliyini daha çox hiss etməkdəyik. Müzəffər ordumuzun qaziləri və müharibə iştirakçıları şahidi olduqları qəhrəmanlıq salnamələrini dilə gətirdikcə, danışdıqca, biz o möhtəşəm qələbəni daha çanlı təsəvvür edirik.
İkinci Qarabağ Müharibəsində Beyləqan rayonunun Kəbirli kəndi ən çox şəhid verən və ən çox qazisi olan kənddir. Belə ki, Beyləqan rayonunun 131 şəhidinin on yeddisi Kəbirli camaatının payına düşür. Həmin on yeddi igiddən biri də gizir Həsənzadə Famildir. Şəhid Famil Həsənzadə Füzulidən Şuşaya qədər şərəfli döyüş yolu keçib. Şuşa ətrafında gedən döyüşlərdə Vətəni bütövləşdirmək uğrunda şəhidlik zirvəsinə yüksəlib - ölümsüzlüyə qovuşub.
Şəhid Həsənzadə Famil Şiraslan oğlu 22 mart 1994-cü ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. 2011-ci ildə Kəbirli kənd orta məktəbinin 11-ci sinfini bitirib.
2011-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2014-cü ilin mart ayından Müddətdən Artıq Hərbi Xidmət qulluqçusu kimi, Azərbaycan Ordusu sıralarında xidmətə başlayıb. Minaatan komandirləri kursunu bitirib. 2014-cü ilin fevral ayından "N" saylı hərbi hissənin minaatan taborunda minaatan komandiri vəzifəsində xidmətə başlayıb. 2020-ci ilin sentyabrın 25-də xüsusi kursu bitirərək gizir rütbəsi alıb. İkinci Qarabağ Müharibəsinin ilk günündən döyüşə başlayıb - Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarının işğaldan azad olunmasında qəhrəmancasına döyüşüb. Qəhrəman gizirimiz keçdiyi 42 günlük döyüş müddətində bir dəfə də olsun döyüş mövqeyindən çəkilməyib. Gizir Famil Həsənzadə Şuşa şəhəri uğrunda gedən qanlı döyüşlərdə, noyabr ayının 8-də Sığnaq kəndində qəhrəmancasına şəhid odub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Famil Həsənzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Famil Həsənzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhidin qardaşı Şamil onun yoxluğunu hələ də qəbul edə bilmir. Çünki Famil və Şamil Həsənzadə qardaşlarının döyüş yolu eyni vaxtda başlayıb: “2014-cü ildən bir hərbi hissədə xidmət edirdik. Gizirlik kursuna da birlikdə getdik, başa çatdırıb gələndən sonra döyüş yolumuz da eyni olub. Füzuli istiqamətində başladıq, Füzulidən düz Şuşaya qədər birlikdə döyüşmüşük. Şuşa uğrunda gedən döyüşlərdə noyabrın 7-si günü qardaşım qəhrəmancasına şəhid oldu”.
Anası Aybəniz Həsənova deyir ki, Familin qəhrəmanlığı ilə qürur duyur: “Mənim balam çox ağıllı, çox zəhmətkeş, çox vətənə bağlı idi. Onun telefonu bayraq şəkilləri ilə dolu idi. İşində də həmişə çalışqan olub. 42 gündə bircə dəfə də olsun, evə gəlmədi. Şuşa alınan gün onun anım günü oldu”.
Atası Şiraslan Həsənovun sözlərinə görə, Famil Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşüb: “Famil ayın 25-i gizirlik kursundan evə gəldi. Bircə gecə bu evdə yatdı. Bizə müharibə başladığını demədi. Sonradan biz onun telefonunu açanda gördük ki, telefonuna “Şuşa, gözlə, gəlirəm” yazıb”.
Kəbirli kəndinin Vətən Müharibəsindəki sonuncu şəhidi məhz Famil Həsənzadə olub. İndi həmin 17 məzar kənd sakinləri üçün and yerinə çevrilib.