Sadəcə demirdi, can atırdı ön cəbhəyə Alik... Heç zaman görmədiyi, amma ruhunu, rayihəsini, çağırışını, fəryadını hiss etdiyi Qarabağa aparırdı onu bütün yollar. Arzuları o qədər çox idi kı...
Amma ən ümdəsi vətəninə faydalı olmaq, işğal altında inləyən yurdun yaralarına öz əlləri ilə məlhəm qoymaq istəyirdi bizim cəsur Alik Şakir oğlu İsayev ! Bacardı da! Möhkəm iradəsinə, dəmir intizamına və bədən quruluşuna görə xüsusi təyinatlı qüvvələrin tərkibinə cəlb edildi. Həm də kəşfiyyatçı kimi...
Uşaqlıqdan vətənpərvərlik hissi ilə böyüyən Alik hərbi xidmət zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarına cəlb olunub və daha sonra kəşfiyyatçı kimi xidmətə davam edib. 44 günlük Vətən müharibəsində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsində böyük rol oynayıb.
A.İsayev Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Vətən yolunda şəhid oldu Alik. İndi ailə səbirsizliklə onun döyüş yoldaşlarını və Alikin yer aldığı videogörüntüləri gözləyirlər. 40 qorxmaz azərbaycanlı balasının arasında Alikin hər an tuş gələ biləcəyi ölümü göz altına alaraq, savaşa necə atıldığını, döyüş öncəsi duyğularını, təbəssümünü, arzularını doya-doya seyr etmək üçün. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəhid olan kəşfiyyatçısı, əsgər Alik Şakir oğlu İsayev Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin işğaldan azad olunmasında fəal iştirak edib. Azərbaycanın göz bəbəyi olan Şuşa uğrunda gedən döyüşlərdə də gizirlərlə birlikdə irəli atılıb. Namərd bir düşmən gülləsi bizim mərd Alikin fiziki ömrünə son qoysa da, xəyallarını yaşadıb. Artıq Qarabağ düşməndən təmizlənib. Şəhadət zirvəsinə yüksələn dağlar oğlunun ruhu şaddır.
Alik uşaqlıqdan qəhrəman olmaq istəyirdi. Oldu da...Vətənini qorumaq, ona sahib çıxmaq istəyirdi. Bacardi bunu! Dağın zirvəsinə çıxaraq, "Qarabağ, Qarabağ" deyə hayqırarkən, o cənnət guşəmizə qovuşmaq istəyirdi. Yetişdi arzusuna! Cəmi 19 yaşında elə qürurverici həyat yaşadı kı, yalnız ailəsinin deyil, böyük nəslin, qocaman el-obanın, rayonun fəxarəti oldu. Nə qədər deyil, necə yaşamağın önəmlidir. "Şəhidlər ölməz, Vətən bölünməz" məsəlinə canlı şahid və şəhid olan Alik İsayev kimi!
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü” ,”Vətən müharibəsi iştirakçısı”,“Kəlbəcərin azad edilməsinə görə” ,“Xocavəndin azad edilməsinə görə” , “Şücaətə görə” medalları ilə təltif edilib.