2021/05/Scree-1621839648.jpg

line
Adı: Həmzəyev
Soyadı: Novruz
Ata adı: Bəkir
Doğum tarixi: 21.03.1992
Şəhid olub: 08.10.2020
Rütbəsi: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Şuşanın azad olunmasına görə» medalı
Müharibə başlayan gündən döyüşlərə qatılıb və döyüş meydanında böyük şücaət göstərərək 127 şəhid və yaralı əsgərlərimizi ərazidən çıxardıb. APA TV xəbər verir ki, söhbət aprel döyüşlərinin iştirakçısı, 44 günlük Vətən müharibəsinin Şuşa fatehlərindən olan gizir Novruz Həmzəyevdən gedir.


O baharda, 21 mart 1992-ci ildə İsmayıllı rayonunda anadan olub. Novruz bayramında dünyaya göz açdığı üçün valideynləri körpəyə Novruz adını verib.

Evin sonbeşiyi, ailəsinə və vətəninə çox bağlı, cəsarətli döyüşçü kəşfiyyatçı olub.

Novruz orta məktəbi bitirdikdən sonra 2010-cu ildə həqiqi hərbi xidmətə yollanıb, “N” saylı hərbi hissədə xidmətini davam etdirib․ 2011-ci ildə hərbi xidmətini başa vurub․2013-cü ildə yenidən orduya qayıdıb və maxe kəşfiyyatçı kimi xidmətini davam etdirib.

Vətənini hər şeydən uca tutan qəhrəman Novruz torpaqlarımızın işğalda qalması ilə barışmayıb, ailəsinə, əzizlərinə “torpaq bizimdir, yolumuz haqq yoludur” deyib.

Valideynləri onları çox çətinliklə böyüdüb. İndi övladları ilə qüruru duyan atası da, anası da, hələ uşaqlıqdan onun hərbə böyük marağı olduğunu dilə gətirir.

Şəhidin atası deyir ki, Novruz əsl döyüşçü keyfiyyətlərinə malik igid olub, ən təhlükəli yerlərə təkbaşına gedirdi:
“Novruz Vətən uğrunda şəhid olub. Oğlum Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib”.

Şəhidin anası Zenfira xanım oğlu ilə fəxr etdiyini deyir:
“Mən şəhid oğlumla fəxr edirəm. O bizim başımızı uca etdi. Vətən sağ olsun. Balam vətən şəhididir və səbri də yalnız bununla tapıram. Allah heç bir ananın gözünü yolda qoymasın, əsgərlərimizi qorusun. Oğlum fəxrimdir”

Qardaşı Şamo Həmzəyevin sözlərinə görə, Novruz təbiətcə sakit, istiqanlı, ailəsinə bağlı, doğmalarına da dost olub: “Qardaşımla birlikdə böyüdük. Onun bəy otağını da birlikdə hazırlamışdıq. O, uşaqlıqdan mənim tək qardaşım yox, həm də dostum olub. Ondan başqa dostum olmayıb. Vətəni sevirdi, heç cür torpaqlarımızın işğal altında olması ilə barışmırdı. Cəsarətli idi, arzusuna çatdı, gözəl arzularımızın yarısı da geridə qaldı. Amma daha böyük bir məqama ucaldı”.

Novruz Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı, Zəngilan, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib və qələbəyə bir gün qalmış Şuşa uğrunda döyüşlər zamanı aldığı qəlpə yarasından şəhidlik zirvəsinə yüksəlib.

Novruz Bəkir oğlu Həmzəyev ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.