Azərbaycan Ordusunun giziri olan Tahir Əlizadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, Hadrut uğrunda döyüşdə yaralansa da, bir müddət müalicə alaraq yenidən döyüşə qayıdıb. Gizir Əlizadə Tahir Şuşa uğurunda döyüşlərdə meşəlik ərazidə çətin döyüş tapşırığını uğurla həyata keçirib. Sonuncu döyüşdə yaralı əsgərlərini xilas edərkən özü də ağır yaralanıb və və Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Dekabrın 5-də müalicə aldığı tibb müəssisəsində həkimlərin səyinə baxmayaraq, şəhidlik zirvəsinə ucalıb. Biləsuvar şəhərində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tahir Əlizadə ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tahir Əlizadə ölümündən sonra
"Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tahir Əlizadə ölümündən sonra
"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Onu da əlavə edək ki, şəhidimizin qardaşı
Bəhruz Əlizadə də hərbi qulluqçu kimi müharibədə iştirak edib, böyük qardaşı
Telman isə birinci Qarabağ müharibəsi qazisidir.