2021/05/nk-1621843363.jpg

line
Adı: Yusifli
Soyadı: Özal
Ata adı: İdris
Doğum tarixi: 11.10.1992
Şəhid olub: 01.10.2020
Rütbəsi: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Həyatını Vətənin keşiyində durmağa həsr edən şəhidlərimizdən biri də Özal İdrisoğlu Yusifli olub. O, 1992-ci il oktyabrın 11-də Yevlax şəhərinin Aşağı Qarxum kəndində anadan olub. 1999-cu ildə orta məktəbdə təhsil almağa başlayan Özal 2010-cu ildə təhsilini bitirərək hərbi xidmətə yollanıb.

Naxçıvan Milli Ordu sıralarında xidməti başa vuraraq Yevlax şəhərinə qayıdıb. 2017-ci ildə Milli Ordu sıralarında çavuş kimi çalışmağa başlayıb. 2019-cu ilin əvvəllərində hərbi polis kimi fəaliyyətə başlasa da, öz ərizəsi ilə yenidən 2019-cu ilin axırlarında Milli Ordu sıralarında çavuş kimi xidmətə davam edib.

O, Vətən müharibəsində Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 2-də vəfat edib.

Şəhid atası İdris Yusifli: "Milli ruh, vətən və millət sevgisi onda çox güclü inkişaf etmişdi. Bunda müəllimlərinin və oxuduğu məktib də rolu böyükdür. 1992-ci il döyüşlərində kəndimiz Xanlar Məmmədov adlı bir şəhid verib, hazırda orta məktibimiz həmin şəhidin adını daşıyır. Bu şəhidin müharibədə göstərdiyi qəhrəmanlıqları oğluma təsir etmişdi, onu özünə nümunə seçmişdi. Hətta oğlum son dəfə ailəsi, həyat yoldaşı və anası ilə halallaşdıqdan sonra Xanlar Məmmədovun qardaşı ilə görüşə gedib. Ozal şəhidin qardaşına deyib ki, son damla qanıma qədər vuruşub onun qisasını alacam... Dedi və sözünün də üstündə durdu".

“Müharibə başlayandan Ozaldan xəbər yox idi, çox narahat idim. Sonuncu dəfə 30 sentyabrda danışa bildim, səsini eşidəndə qışqırdım ki, ay Allah sənə şükür! Güldü, gülüş səsi hələ də qulağımdadır... Bax beləcə deyib gülərək sağollaşdıq.

Hərbi tibbi ekspertizanın rəyinə əsasən oğlum 2 qəlpə yarası alıb, sol tərəfindən 8-ci və 9-cu qabırğaların sınığı olub və daha bir qəlpə yarası ilə kəskin qanitirmədən dünyasını dəyişib. Oktyabrın əvvələrində şəhid oldu, cənazəsi noyabrın əvvələrində gətirildi. Ən ali məramı hərbiçi olmaq və torpaqlarımızın işğaldan azad olunduğu günü görmək idi, başqa bir istəyi yox idi. Ozal tağım komandiri idi. Silahdaşları və yüksək rütbəli hərbiçilər dünən oğlumun yas mərasiminə gəlmişdi, məzarı önündə çox ağladılar... Dedilər ki, Ozal mərd oğlan idi, döyüşlərə hər kəsdən ən öndə gedirdi, böyük həvəs və şüacətlə vuruşurdu. Peşəkar hərbiçi kimi çalışdığı illərdən işgüzarlığı və məsuliyyəti, eləcə də qətiyyət və tələbkarlığı ilə hörmət qazanmışdı Ozal”.

Şəhidin qəhrəmanlığından, əzəmətindən qürurla danışan şəhid atası bildirib ki, o, həm mükəmməl övlad, həm ailə başçısı, həm ata, həm də gözəl bir insan olub:

“Yalanı xoşlamazdı, xarakterli və ünsiyyətcil uşaq idi. Evli idi, 12 aylıq bir körpəsi var. Körpəsinə də doymadı. Çünki onun üçün ailədən də, övladdan da öncə Vətən gəlirdi. Bizimlə sağollaşanda qızı yatmışdı. Oyatdı ki, onunla da vidalaşa bilsin... Qızına nənəsinin adını qoymuşdu. Dekabrın 23-də dünyaya gəlib, bir neçə gündən sonra qızının 1 yaşı tamam olacaq. 3 qardaş idilər deyə, qızının dünyaya gəlişi başqa bir sevinc gətirmişdi ocağımıza...”

Şəhidin atası onu da bildirib ki, oğlunun yoxluğu əkiz qardaşına xüsusilə sarsıdıb:

“Tural hiss edirdi ki, qardaşı şəhid olacaq. 1 aydan çox itkin düşmüşdü, qardaşının cəsədi tapılıb evə gətirilməyənə qədər Tural evə yığışmadı. Nə çörək yeyir, nə də çay içirdi”.

Toğrul Yusifli qardaşı haqqında öz xatirələrini bizlə bölüşərək Özalın Vətən sevgisindən söhbət açır: "Qardaşım uşaq vaxtlarından Vətənə dərin məhəbbətlə bağlı olub. Onda ermənilərə qarşı xüsusi bir nifrət var idi. Erməni adı çəkiləndə hirsindən bilmirdi nə etsin. Həmişə ermənilərlə vuruşmaq, onlardan qisas almaq istəyirdi. Özal özünü dərk eləyəndən Qarabağ dərdini öz dərdi bilib. Elə buna görə də, vaxtilə fəaliyyətini hərbi istiqamətdə davam etdirməyi qərara almışdı".

İkinci Qarabağ savaşı başlayanda cəbhəyə yollanan Özal döyüş zamanı da qəhrəmanlıq nümayiş etdirib. Döyüş yoldaşları qeyd edir ki, bəzi təhlükəli və döyüş üçün əlverişsiz məqamlarda komandir dayanmaq əmri verəndə Özal hirsindən ağlayırdı ki, "Biz dayanmamalıyıq, ermənilərin cəzasını verməliyik". Daha sonra onu sakitləşdirirdik ki, indi vəziyyət bunu tələb edir".

Özal Yusifli ölümündən sonra ”Cəsur döyüşçü”, “Suqovuşanın azadlığına görə” və “Vətən uğrunda" medalları ilə təltif olunub.